Bu gün teatrla tamaşaçı arasında sədd əmələ gəlib, heç kim böyük həvəslə teatra getmir. Səbəbi isə çoxdur. Birincisi, rejissorlarımız hələ də köhnə iş metodundan əl çəkə bilmirlər. Onlar nə köhnə dəst-xətti professionallıqla davam etdirir, nə də səhnəyə novatorluq gətirə bilirlər. Dahi Azərbaycan (həmçinin digər ölkələrin) dramaturqlarının əsərlərini tanınmaz bir görkəmdə təqdim edirlər. Aktyor oyunu da ürəkaçan deyil. Elə zövqsüz oyun nümayiş etdirirlər ki, tamaşa boyu gənclər tərəfindən “atəşin xoş sözlərlə” qarşılaşırlar. İllər boyu eyni janrlı əsərlərdə oynayan aktyorlamızın oyun tərzinə fikir versəniz görərsiniz ki, o bir oyundakı oyun tərzini digər tamaşada da eynən təkrarlayır və bundan heç narahat da olmur. Avropa ədəbiyyatına mənsub əsərdəki sərxoş obrazı ilə milli dramaturgiyasının sərxoş arasında heç bir fərq qoymayan, avropalı aşiqlə, milli aşiq obrazlarını eyni biçimdə oynayan artistlərimizə axı deyən lazımdır ki, məgər bizim fərqimiz yoxdurmu? Çox vaxt deyirlər ki, təzə əsər yoxdur. Bu fikri tam inkar etmək olmur. Klassik əsərlərin olduğunu da danmaq mümkün deyil. Yeni repertuar üçün gənc nəsil yazar və rejissorlar lazımdır. Yeni repertuar hər şeydə yenilik tələb edəcək. Hələ ki, yeni repertuar nəzərə çarpmır. Müasir dramaturgiyamızın səviyyəsi hamımıza bəllidir.
   Digər tərəfdən tamaşaçı teatrdan narazı olduğu kimi, teatr da qarşı tərəfdən narazıdır. Tamaşaçıların bir çoxu mədəniyyət ocağında özlərini apara bilmirlər. Teatrda tamaşa zamanı gələn telefon zəngləri diqqəti yayındırır, adamı əsəbiləşdirir. Gərək belə olmaya. Axı, istənilən teatra daxil olarkən teatr işçiləri elan verirlər ki, tamaşa zamanı telefonlarınızı söndürün. Bunu etmək o qədərmi çətindir? Mən inanmıram ki, iki saat telefonun sönülü olması kimlərinsə işini alt-üst edə. Bu, o qədər də çətin iş deyil. Ancaq əfsuslar olsun ki, tamaşalara diqqət kəsildiyimiz bir məqamda hansısa mobil telefondan car çəkən musiqi səsi fikirlərimizi tamaşadan birbaşa özünə cəlb edir. Hələ bu harasıdır? Tamaşanın şirin yerində bir də ayılırsan ki, “gələcəyimizi idarə edəcək gənclər” aktyorları “fitə” tutublar. Bu mənzərədən sonra tamaşaya baxmaq olar? Bütün tamaşa boyu gənclərin aktyorlara atdıqları replikalar, mənasız sözlər heç bir əhəmiyyət kəsb etmir.
   Düzdür, belə qanqaraldıcı mənzərənin yaranmasına cavabdeh aktyor heyətidir. Elə oyun nümayiş etdirirlər ki, vallah, adam teatra gəldiyinə peşman olur. Gördükləri mənzərələrdən əsəbiləşən gənclər də xalq artistlərimizə ironiya ilə öz etirazlarını bildirirlər. Teatrşünas olduğumuz yada düşəndə xəcalət təri də bir yandan öz işini görür. Çox vaxt aktyorlar teatrşünasları qınayırlar ki, siz teatr üçün heç nə etmirsiniz? Düzdür, bu işdə teatrşünasların da günahı az deyil. Teatrşünaslar teatrın bugünkü problemi ilə maraqlanmır, gedib-gəlmir, ancaq tez-tez deyirik “əşi, indi teatr var?” Həmin bu «əşi» demək teatrşünasların birinci səhvidir. İstedadlı teatrşünaslar da barmaqla sayılacaq qədər azalıb.
    Gənc sənətkarlar teatrla bağlı düşünməlidirlər. Teatr tənqidçiləri bütün çətinlikləri göz altına alıb, səhnənin canlanmasına, teatrın dirçəlməsinə çalışmalıdırlar. Teatr tənqidi gündəmə gətirilməlidir. Sağlam tənqid teatrın inkişafını şərtləndirəcək. Qərəzsiz və obyektiv tənqid ayrı-seçkiliyə yol vemədən teatrdakı prosesləri cəmiyyətin müzakirəsinə çıxarmalıdır. Ədalətli tənqiddən heç kim kənarda qalmamalıdır. Teatr köhnə mərəzlərdən təmizlənməlidir. Keçmişdə qazanılmış şöhrətin kölgəsində yatan aktyorlar zamanla razılaşmalı, səhnəni gənclərə etibar etməlidirlər. Bu təbiidir, bunu qəbul etməli, daxilən razılaşmalıdırlar. Zaman dəyişib. Zaman özü ilə yeni tələblər, yeni dəyərlər gətirib. Azərbaycan teatrı dəyişilən zamanla birgə gələcəyə getməlidir. Bu dəyişiklik bu gün olmalıdır. Bu günün işini sabaha qoymaq olmaz.
   
   Tamilla Yağmur,
   ADMİU-nun tələbəsi