Teatr milli oyun mədəniyyəti, milli təfəkkür forması kimi ən dəyərli mədəni sərvətdir. Sənətlər, xüsusən incə sənətlər bir xalqın tarixinin, təxəyyülünün şəhadətnaməsidir. Mədəniyyət və incəsənət (musiqi, teatr, kino, rəssamlıq, dulusçuluq və s.) bir millətin pasport sənədi kimidir. Yəni mədəniyyət dövlətin özgəsinə təqdim edə biləcəyi sənəddir. Demək, o, qürur, fəxarət, tanıtım məqamıdır.
   Sənəd ifadəsi həmişə vətəndaşlarda məsuliyyət hissi oyadır. Onlar vacib kağız-kuğuz da ola bilər, çox şeyi dəyişə bilən əhəmiyyətli ideya, islahat, fikir də. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı Azərbaycan teatrının inkişaf strategiyası baxımından vacib, çəkisi olan sənəddir. Sözügedən proqram teatr sənətimizin 2009-2019-cu illər arasında inkişafını əhatə etməyə yönələn iriçaplı bir layihədir. Bu sənəd teatrın milli mədəni sərvət kimi qorunması, inkişaf etdirilməsi və dünya mədəniyyətinə inteqrasiyasını hədəf kimi seçərək bu sahədəki bütün problem və məsələləri əks etdirir. Dövlət proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər planı bu kontekstdə teatr sahəsində böyük irəliləyişlər vəd edir. İlk növbədə proqramda nəzərdə tutulan və tədbirlər planına salınan birinci bənd əhəmiyyətlidir: bu məqam teatr sahəsində idarəetmənin və maliyyə-iqtisadi mexanizmlərin təkmilləşdirilməsini təmin edir. Artıq təmir-təhvilinə çoxdan başlanmış teatrların maddi-texniki bazalarının möhkəmləndirilməsi müasir dövrdə teatrımız üçün böyük töhfədir. Teatr-treninq mərkəzlərinin yaradılması, teatr sənəti üzrə xarici ölkələrdə təhsil alma və stajkeçmələrin təşkil olunması UNİMA-nın iştirakı ilə kukla teatrları həftəsinin keçirilməsi, YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun növbəti konqresinin Bakı şəhərində keçirilməsi, Çexov adına Beynəlxalq Teatr Festivalının bir mərhələsinin Bakıda keçirilməsi, xarici ölkələrin tanınmış teatr kollektivlərinin Azərbaycana dəvət olunması dünya mədəniyyətinə inteqrasiya yolunda atılan çox ciddi addımlar ola bilər. Təhsilin təkmilləşdirilməsi peşəkar teatrın inkişafında müsbət faktor hesab olunmalıdır. Proqram teatr mədəniyyətinin təbliğ olunması kimi boşluqda qalan məqamları da nəzərdən qaçırmır. Bu, teatr sənətinin cəmiyyətdə elitar sənət kimi nüfuzunun daha da artmasını, elmi nəşrlərin yaranmasını təmin edir. 10 illik zaman kəsiyi teatrın qarşıya qoyulan problemlərini çözməsi üçün uzun müddətdir. Proqram teatr prosesini daha da canlandırmağa, funksionallaşdırmağa xidmət edəcək. «Teatra nə lazımdır» - sualının alternativ cavabları çoxdur. Amma təsdiq olunmuş proqramdan sonra deməyə bir qalır: «Kor nə istər, iki göz - biri əyri, biri düz». Qalan məqamları da nəzərdən qaçırmır...   

  Aliyə