Bu günlərdə Aktyorlar Evində Azərbaycanın əməkdar incəsənət xadimi, Satira teatr studiyasının bədii rəhbəri, yazıçı- dramaturq Rəhman Əlizadənin quruluşçu rejissorluğu ilə “Vicdansız” adlı tamaşa səhnələşdirildi. Aktyorların əksəriyyətini Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin təşkil etdiyi tamaşada “vicdansız” rolu ilə Kamal Qədimov, aşıq- Natiq Həziyev, əyyaş- Tofiq Dadaşov, polis rəisi- Elman Məmmədov və başqaları çıxış etdilər.
   
   Tamaşa Eldar Mansurovun bəstələdiyi musiqinin sədaları altında aktyorların rəqs səhnəsi ilə başladı. Elə başlanğıcdan aktyorlar Azərbaycanın bu günkü vəziyyətini səhnədə təsvir etməyə çalışdılar: Rəqs edən insanlar bir- birini itələyir, biri digərini qabağa getməyə qoymur, əli ilə vurub arxaya ataraq, onun yerini zəbt etməyə çalışırdı. Yaxşı başlanğıc idi.
   Hətta ideya öz əksini bir az da aşığın monoloqunda tapdı: ... Hər nə görsək heyrətə gəlmərik, sərgüzəştlərlə doludur şəhərimiz...
   Lakin ilk səhnəcik, demək olar ki, öz həllini tapa bilmədi. Artıq buradan ortaya qəribə bir təzad çıxdı: Aktyorların çox, hətta lazım olduğundan belə çox intensiv plastikası, həddən artıq yüksək, danışmağa yox, qışqırmağa bənzər tonu və bu 2 səbəbdən tökdükləri tərin qarşılığında yadda qalan nə bir maraqlı sözün, nə də bir cəlbedici hərəkətin olmaması...
   Əslində, aktyor oyununa “çox yaxşı” da demək olardı. Sadəcə, zəif ssenari, maraqsız rəssam işi və ucuz işıq effektləri aktyor oyununu da sürükləyib öz bərabərliyinə gətirirdi.
   Tamaşada qəribə bir sükut sezilirdi. Hətta ürəyimin yaralı yeri-yarıboş zaldan yalnız tamaşa başlayandan 20 dəqiqə sonra zəif alqış səsləri eşidilməyə başlandı.
   Tamaşada insanların rüşvətxorluğu, pula hərisliyi, əksər qızların yüngüllüyü, oğlanların isə “qızbibi”liyi, həkimlərin savadsızlığı, pulgirliyi və xəstələrə qarşı biganəliyi, insana vəzifəsinə görə hörmət qoyulması və s. kimi çox ciddi və aktual problemlərə toxunmaq üçün bir cəhdin olduğu hiss olunurdu. Lakin, obrazlı desək, sanki hədəfin 1 millimetr yaxınlığından keçilmişdi.
   Aşığın monoloqunda “kasıb- kusub bilmir yaşasın, ya ölsün?!”, “demokratiyadır, başa düşürəm, amma sazda göbək rəqsi nə mənim atam çalıb, nə də babam” və başqa bu kimi kəlmələrə rast gəlinirdi. Lakin bu məqamlar məndə yalnız bir təəssürat oyatdı: Ssenari zəifdir. İdeya aktyorun hərəkətində verilə bilmədiyindən, monoloq və dialoqlarında öz əksini tapıb. Sanki problemə, sadəcə, nəqletmə yolu ilə yanaşılıb. Amma bu yerdə “sözdə yumşaqlıq, əməldə qətiyyət!”şüarına əməl olunması daha məqsədəuyğun olardı, nəinki əksinə.
   Ümumən tamaşada şablon sözlərdən, hamının bildiyi şeylərdən çox istifadə olunmuşdu. Adilik çərçivəsindən çıxış və yenilik yox dərəcəsində idi.
   Tamaşa boyu “vicdansız” ancaq öz vicdanını axtarmaqla məşğul oldu və həkimlərdən belə “vicdansız” diaqnozunu alan bu biçarə bütün vicdansızlardan bu kəlməni eşitməli oldu: Vicdansız! Hətta əyyaşdan da! “Bu dünyada hər şey bahadır, vicdan ucuz” deyən əyyaşın rolu Rac Kapurun “Avara” rolunu xatırladırdı. “Əyyaş” “Avara”nın nəinki hərəkətlərinə bənzər hərəkətlər etdi, hətta onun mahnısını da ifa etdi.
   Tamaşa boyu musiqidən çox istifadə olunmuşdu. 5 dəqiqədən bir səslənən yerli- yersiz musiqilər insanda elə bir təəssürat oyadırdı ki, sanki tamaşanı musiqi ilə doldurmaq, onun köməyilə tamaşanı bir qədər də uzatmaq istəmişdilər.
   Aktyorların lazımsız dialoqları, bir kişinin polis rəisinə oğlundan etdiyi şikayətdə Füzulinin (!) qəzəllərinə müraciəti, yersiz pafoslu qışqırıqlar.... və ləzginka....?
   Yaxşı cəhətləri olsa da, ümumən çox da bəyənmədiyim tamaşanı izləyə- izləyə beynimdə yalnız “nə olsun ki?” sualına cavab axtarırdım. Hətta tamaşa vaxtı düşüncəyə qapılmağa vaxt da tapdım. Bir az aktyorları fikirləşdim. Aylarla aparılan məşqlər, bu qədər əzab- əziyyət və yol, yemək kimi gündəlik xərcləri belə ödəməkdə aciz olan aylıq maaş...
   Bütün aktyor heyəti, ssenarist və rejissordan gələcəkdə maraqlı tamaşalar gözləmək ümidi ilə Aktyorlar evindən çıxdım.
   
   Könül NƏCƏFOVA
   
konulnecefova@mail.ru