Kütləvi informasiya vasitələri bu mövzuya mütəmadi yer versələr də, problem hələ də öz həllini gözləyir. Teatrlar tamaşaçı aclığı çəkir. Bir çox teatr adamları isə bu problemin olmadığını deyir. Kim nə desə də fakt faktlığında qalır. Bu dəfə teatrla birbaşa bağlı olan adamların yox, tamaşaçıların fikrini önəmli saydıq. Teatrların tamaşaçı problemi varmı?, hansı yollarla tamaşaçını teatra qaytarmaq olar?, niyəcamaat tamaşaya baxmağa getmir?, bəs bu problemi kimlər yaradıb? Bu kimi suallarla şəhər sainlərinə müraciət etdik.
   
   Şəfa Sadıqova, 23 yaş, tələbə: “Düzü, teatrı çox sevməyimə baxmayaraq, teatra az gedirəm. Teatrda işləyən sinif yoldaşım hərdən dəvətnamə verəndə gedirəm. Teatra getməməyimin səbəbi tamaşaların yorucu olmasıdır. Bəzi rejissorlar da tamaşada yenilik etmək istəyib, səhnəyə açıq paltarlar geyinmiş qızlar çıxardırlar ki, kimlərisə cəlb edə bilsinlər. Amma onu deyim ki, texnogen erasında bu cür cəhdlər etmək yersizdir. Bundansa ciddi və maraqlı bir tamaşa hazırlasalar daha yaxşı olar. O ki qaldı teatrdan tamaşaçıni kim uzaq salıb sualına, mən belə cavab verərdim: elə teatr adamları özləri. Qeyri-peşəkar hazırladıqları tamaşaları ilə camaatı teatrdan küsdürüblər. Bir də ki, teatrlarımız dövrün problemlərini səhnələşdirsələr, camaat da gəlib baxar”.
   
   Asif Oruclu, 21 yaş, tələbə: “Teatrın tamaşaçı problemi var. Bunu hamımız bilirik. Mən deyərdim ki, bu gün tamaşaçını teatra qaytarmaq üçün çox çalışmalıyıq. İnsanları teatra cəlb etmək üçün keyfiyyətli tamaşa hazırlamaq lazımdır. Camaat ona görə tamaşaya getmir ki, orada onu aldadırlar. Teatra uşağı da aparsan o saat deyəcək ki, bunlar bizi aldadır. Hazırlanan tamaşaların dramaturgiyası zəif, mövzusu isə reallıqdan uzaqdır. Bunlara fikir verməlidirlər”.
   
   Məhluqə Fezullayeva, 42 yaş, evdar qadın: “Mən teatra nəvələrimi aparıram. Hey çalışıram ki, onlarda teatra maraq yaradım, ancaq alınmır. Biz əvvəllər tez-tez teatra gedərdik. Amma indi belə deyil. Nəvələrimi Kukla Teatrına aparıram. Tamaşanın ortasında cizgi filmlərindən parçalar göstərirlər. Guya ki, yenilik edirlər. Teatrda cizgi filmlərinə baxmaqdansa disk alıb evdə uşaqlara göstərərəm. Daha əziyyət də çəkib teatra getmərik. Məncə, teatr işçiləri özləri tamaşaçını teatrdan uzaq salırlar. Bunu da ancaq özləri bərpa edə bilərlər”.
   
   İlkin Babayev, 18 yaş-məktəbli: “Mən gələn il məktəbi qurtarıram. Gələcəkdə aktyor olmaq fikrim var. İstəyirəm ki, çoxlu tamaşalara baxım ki, ordan özümə nə isə götürə bilim. Amma tamaşalar o qədər cansıxıcı olur ki, adam bir də ora getmək istəmir. Xalq teatrlarına getmək və tamaşalarda oynamaq istəyirəm. Amma düzgün fəaliyyət göstərən xalq teatrı da tapa bilmirəm. Çoxu işləmir, bəziləri də hərdənbir işə gəlirlər. Bir sözlə, teatr adamlarının öz işlərinə biganəlikləri ucbatından camaat teatra gəlmir”.
   
   Teymur Qarayev, 27 yaş, iş adamı: “Bəzi teatrlar var ki, orada tamaşaçı çox olur. Məsələn, Rus Dram Teatrının bütün tamaşalarında adam çox olur. Opera və Balet Teatrında da tamaşaçı az olmur. Yəqin bu teatrlar tamaşaçını özlərinə bağlamağı bacarıblar. Teatrlar işlərini yaxşı qursalar camaat tamaşalarına gələr. Artıq dövlət onlara hər bir qayğı göstərir. Teatrların çoxu da təmirdən çıxıb. Heç bir problemləri yoxdur. Qalıb keyfiyyətli iş ortaya çıxartmaq”.
   Tamaşaçılar günahı teatr adamlarında, onların işlərinə ciddi yanaşmamalarında gördülər. Builki mövsüm başa çatır, amma heç bir teatr diqqətcəlbedən bir tamaşa hazırlamayıb. Builki mövsümü durğunluq mövsümü adlandırmaq olar. Belə getsə, tamaşaçı ayağını teatra basmayacaq da.
   
   ELMİN