Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin dörd şəhərində qastrol səfərində olub. Teatrın direktoru Maqbet Bünyatov sənət ocağının tarixində yeni mərhələ təşkil edən bu səfər zamanı Azərbaycan teatrının tarixi və nailiyyətləri haqqında Türkiyə teatrsevərlərinin ətraflı məlumatlandırıldığını bildirib: “Türkiyənin müxtəlif mərkəz şəhərlərində və vilayətlərində nümayiş etdirdiyimiz tamaşalar iki qardaş ölkə arasındakı mədəni əlaqələrin inkişafına əhəmiyyətli töhfə verib.
   136-cı teatr mövsümünün sonuncu qastrol səfəri xüsusilə uğurlu keçib. Teatr Türkiyənin iki önəmli tədbirinə rəsmi dəvət almışdır. İyunun 16-dan 21-dək Tarsus şəhərində dövlət səviyyəsində keçirilən «III Türk Dünyasının Teatr Günləri»ndə və “Türksoy” təşkilatı ilə Karaman şəhər Bələdiyyəsinin birgə keçirdikləri “Türk Dil Bayramı” çərçivəsində baş tutan tədbirdə Türkiyə prezidenti Abdulla Gül və digər hökumət nümayəndələri iştirak ediblər”.
   Xalq artisti, rejissor Ağakişi Kazımovun quruluşunda səhnə təcəssümü tapan B.Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasında xalq artistləri Ramiz Məlikin, Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Hacı İsmayılov, Rafiq Əzimov, Məleykə Əsədova, əməkdar artistlər Əli Nur, Elxan Quliyev, Məcnun Hacıbəyov, Kazım Həsənquliyev, Sənubər İsgəndərova və başqalarının məharətli ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tarsus Bələdiyyə Başqanı Burhanettin Koçamaz, Karaman Bələdiyyə Başqanı Kamil Uğurlu və “Türksoy” tərəfindən nümayəndə heyətimizə təqdim edilən çoxsaylı mükafatlar və xatirə hədiyyələri Milli Teatrımızın növbəti uğurunu təsdiqləyən əyani sübutdur.