Gəncə Dövlət Kukla Teatrının həyətində artıq iki ildir ki, fəaliyyətdə olan «Amfiteatr» iyunun əvvəllərindən etibarən yeni mövsümə başlayıb.
   Bu haqda məlumat verən teatrın direktoru Bayram Fətəliyev bildirib ki, şəhər əhalisinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün həftə sonları burada konsert proqramları təşkil olunur. Proqrama «Estrada-şou» və yerli incəsənət kollektivlərinin konsert proqramları və tamaşalar daxildir. B.Fətəliyev 200 yerlik tamaşaçı tutumu olan «Amfiteatr»da müasir işıq sistemlərinin quraşdırılacağını da bildirib.
   Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, analoji tədbirlər «Sərdar Bağı»ndakı Yaşıl Teatrın səhnəsində də keçirilir. Belə ki, burada da həftənin şənbə günləri yerli incəsənət ustaları, gənc istedadlar bədii proqramlarla çıxış edirlər.
   Qeyd edək ki, sözügedən mövsümi bədii proqramlar sentyabrın ilk həftəsinə qədər davam edəcək.