Azərbaycan teatrlarına hansı mövzulu əsərlər lazımdır?
  
   Artıq teatrlar istirahətdən qayıdıb yeni mövsümə başlayırlar. Ona görə teatrların repertuar problemi ilə bağlı sorğu keçirməyi qərarlaşdırdıq. Güman edirik ki, bu sorğunun teatrlarımızın repertuar seçimində yaxşılığa doğru dəyişiklik etməyinə müəyyən köməyi olar. 
Görəsən, biz nəyə və niyə baxdığımızı bilirik? Teatrlara hansı mövzulu əsər lazımdır? Tamaşaçıları teatrların repertuarındakı əsərlər qane edirmi?..   

   Humay Babayeva (tələbə): “Teatrların tamaşaçı azlığı çəkməsinin bir səbəbi də repertuar seçiminin zəngin olmamasıdır. Zənginlikdən əlavə, həm də repertuar seçimi rəngarəng olmalıdır. Hər hansı bir teatra gedirsən, eyni mövzulu tamaşa görürsən. Akademik Milli Dram, Gənc Tamaşaçılar, Gənclər, Şuşa və başqa teatrların tamaşalarına baxmışam. Hamısında sevgi və vətənpərvərlik mövzusunda olan əsərlər. Söz yox ki, belə mövzulu əsərlər lazımdır. Amma digər mövzulara da yer verilsə yaxşı olar.”
   Şəfa Sadıqova (tələbə): “Bilirsiz, teatrlar bugünkü dövrün problemlərindən bəhs edən tamaşalar demək olar ki, səhnələşdirmirlər. Tamaşaçıya da hazırkı dövrün problemi maraqlıdır. Sevgi mövzusunda tamaşa hazırlayanda müasir janrda hazırlamaq lazımdır. Məncə, güclü psixoloji janrda yazılmış əsərlərin də sayı çox olmalıdır. Çünki Azərbaycan tamaşaçısının teatr zövqü formalaşdırılmalıdır. Bundan da əlavə, teatrların repertuarındakı əsərlər rəngarəng mövzulu olmalıdır. Bu yaxınlarda “Zaman” teatrının tamaşalarına baxmışam. Ancaq dini mövzulu əsərlərdən ibarətdir. Buna həm əsər çatdırmaq, həm də tamaşaçı çatdırmaq mümkün deyil. Teatrlarda repertuara fikir verməlidilər. Çünki hər şeyi repertuar həll edir”.
   Rəyasət Şahverdiyev (aktyor): “İndi çox adam teatra getmir. Mən onları da qınamıram. Çünki əvvəllər teatr maraqlı idi. Teatrda özümüzü görürdük. Amma indi hazırkı dövrü canlandıran tamaşaları barmaqla saymaq olar”.
   Arzu Hüseynova (tələbə): “Bir çox tamaşalara baxmışam. Çox vaxt da tamaşanın adını soruşub sonra tamaşaya gedirdim. Amma bir dəfə dostlarımla Gənc Tamaşaçılar Teatrının hazırladığı “Ana qaz” tamaşasına baxdım. Əvvəl tamaşaya getmək istəmirdim. Elə bilirdim uşaqlar üçün hazırlanmış tamaşadır. Amma sonra gördüm ki, heç də belə deyil. Tamaşa özü də maraqlı idi. Yəni, repertuar seçimi yaxşı olanda tamaşaçı da teatra gələr”.
   Lalə Hacıyeva (evdar qadın): “Bizm vaxtlarda, ümumiyyətlə teatra maraq çox idi. Repertuar da dövrümüz üçün maraqlı idi. İndi repertuarda yeniliklər etmirlər. Mənə elə də maraqsız gəlmir. Amma bu, gənclər üçün cansıxıcıdır. Amma bunlara baxmayaraq mən teatra gedirəm, hətta uşaqlarımı da özümlə aparıram”.
   Nicat Kazımlı (məktəbli): “Repertuar teatrın güzgüsüdür. Məsələn, keçmiş Gənclər Teatrının repertuarı məni heç qane etmir. Kolxoz dövrünü işıqlandırırlar. Əgər keçmişdən tamaşa hazırlayırsan hazırla, amma onu elə o dövrün geyim və əşyaları ilə hazırla ki, camaata gülməli gəlməsin. Yoxsa sən 1941-45 ci illərin hadisələrini müasir geyimlərdə canlandırırsan. Bu, həqiqətən də gülməlidir”.
  
   Elmin BƏDƏLOV