Yeni mövsüm, yeni tamaşalar, yeni tamaşaçılar
  
   Dünən Azərbaycan teatrının 137-ci mövsümünün təntənəli açılış mərasimi keçirildi. Yenicə təmir olunmuş Gənc Tamaşaçılar Teatrının qarşısında keçirilən açılış mərasimində paytaxtın bütün teatr kollektivləri, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, ölkənin tanınmış teatr xadimləri, paytaxt sakinləri iştirak edirdilər. Mövsümün açılışını mədəniyyət və turizm naziri Əbülfəs Qarayev etdi. Nazir tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək yaradıcı kollektivlərə uğurlar arzuladı, ölkədə aparılan teatr islahatlarından danışdı: «Son illər ölkəmizdə həyata keçirilən islahatlar mədəniyyət sahəsində də özünə yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamları əsasında teatr sahəsində islahatların aparılması, yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər sırasında Azərbaycan teatrının maddi-texniki bazasının yenilənməsi, teatr binalarının təmiri, teatrımızın beynəlxalq miqyasda təmsil olunması ölduqca vacibdir. Artıq Azərbaycan teatr sənətində canlanma hiss olunur, teatr sahəsində inkişaf, islahatlar davam edir. Beynəlxalq teatr görüşlərinin və teatr festivallarının, Çexovun 150 illiyinə həsr olunmuş beynəlxalq teatr festivalının bəzi tədbirlərinin paytaxtımızda keçirilməsi nəzərdə tutulur.
   Bu gün 137-ci ilinə qədəm qoyan Azərbaycan teatrı, artıq güclü, böyük nikbinliklə gələcəyə baxan, püxtələşmiş, formalaşmış bir teatrdır».
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışından sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Azər Zeynalov, Nəzakət Teymurova maraqlı ifalarla çıxış etdilər. Paytaxtın teatr kollektivləri bir-birini əvəz etməyə başladı, teatrlar ən yaxşı tamaşalarından parçalarla rəngarəng bir teatr bayramı yaratdılar. Tədbirdə paytaxtın əksər teatrları tamaşalardan, parçalarla təmsil olundu. Qeyd edək ki, açıq havada keçirilən təntənəli açılış mərasiminin rejissoru respublikanın xalq artisti Cənnət Səlimova idi.
  
   Aliyə