Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günlərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının əlbəsə sexinin müdiri Saraxanım Əlibala qızı Kərimovanı teatr sahəsində 65 illik səmərəli fəaliyyəti münasibəti ilə mükafatlandırıb.
   Saraxanım Kərimova 1925-ci ilin oktyabr ayının 10-da Bakı şəhərində anadan olub. O, 1944-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işləməyə gəlmiş və həmin vaxtdan indiyə qədər eyni işdə - əlbəsə sexinin müdiri vəzifəsində çalışmışdır. Müharibə və Əmək veteranıdır. “1941-1945-ci illərin müharibə iştirakçısı”, “Hamilik üçün”, “Əmək əlaçısı” və başqa medallarla, fəxri fərmanlarla təltif olunmuşdur.
   Saraxanım Kərimova kollektivdə özünü işgüzar, səliqəli, səmimi insan kimi göstərərək, hamının hörmətini qazanmışdır. Çalışdığı 65 il ərzində teatrın repertuarında olan bütün tamaşalarda Saraxanım Kərimovanın xidmətləri əvəzsizdir. O təqaüddə olsa da, doğma kollektivdən ayrılmamışdır.
   Mədəniyyət və turizm naziri Ə.Qarayevin bu mükafatı təkcə yubilyarı deyil, bütün kollektivi sevindirmişdir.
   Sevda Ağayeva