M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı beynəlxalq festivalda iştirak edəcək.
   Mədəniyyət müəssisəsinin direktoru, xalq artisti Yasəmən Ramazanovanın verdiyi məlumata görə, kollektiv 2010-cu ilin aprel ayında Tacikistanda keçiriləcək beynəlxalq kukla teatrları festivalında Azərbaycanı təmsil edəcək.
   Artıq bununla bağlı Tacikistandan müvafiq dəvət məktubu göndərilib. Festivala bu il teatrda səhnələşdirilən iki tamaşa təqdim olunub. Bunlardan biri Cəlil Məmmədquluzadənin “Çay dəstgahı”, digəri Səməd Canbaxşıyevin “Cik-cik xanım” tamaşalarıdır. Ölkəmizin festivalda hansı səhnə əsəri ilə təmsil olunacağı bu ilin sonuna qədər məlum olacaq.
   Qeyd edək ki, Naxçıvan Dövlət Kukla Teatrı bundan əvvəl Türkiyə və İranda keçirilən beynəlxalq festivallarda ölkəmizi təmsil edib.