«Arşın mal alan» - Üzeyir Hacıbəylinin yazdığı təkrarsız operetta, Əsgər bəy isə Musiqili Komediya Teatrında qoyulan sözügedən tamaşanın əsas qəhrəmanı, rejissor konsepsiyasının əsas xəttidir. Yazılmamış yazı qanunlarına əməl edərək öncə sizə tamaşanın rejissorunu təqdim edəcəm. Kimlərəsə tanış, kimlərəsə tanış olmayan rejissor Elvin Mirzəyev. Elə yazılmamış qanunlardan biri də budur ki, Azərbaycanda yetişmiş rejissorların bir çoxu Üzeyir Hacıbəylinin əsərlərinə quruluş verməklə özlərini təsdiqləmişlər. Elvin Mirzəyevi də bundan sonra çoxları rejissor kimi tanıyacaq.
  
   Rejissor səhnə yozumunu çox maraqlı vermişdi. Səhnənin boş qalan, işlənməyən sahəsi yox idi. Parçalardan ibarət olan tərtibat səhnəni ayırmırdı. Aktyorlar isə əsasən ön səhnədə çıxış edirdilər. Madam ki, aktyor dedik, elə onda bu məqamda aktyorlardan yazaq. Xüsusilə də Əsgər bəyi ifa edən Fərid Əliyevdən. “Teatrda əsl istedadlar yetişmir” - deyənləri bu tamaşaya baxmağa dəvət edirəm. Baxıb, görə bilən hər bir kəs sözlərimi təsdiqləyəcək. Bu Əsgər bəy elə təsəvvür edin ki, bir oyunbazdır. Teatr səhnəsində Əsgər bəyin oyunu içərisində özünün oyununu quran, istənilən həmkarının jestinə jestlə, göz-qaşla, replikayla cavab verən birisidir. O dərəcədə duzlu və şirin oyun sərgiləyir ki, düşünürsən mən tamaşanın rejissoru olsaydım, tamaşanın adını “Əsgər bəyin eşq macərası” qoyardım. Əsgər bəy müasir tipli Azərbaycan gəncidir, qəlbləri fəth edən səmimiyyəti var. Ən əsası isə qızları necə cəlb etməyi yaxşı bilir. Ancaq onun Gülçöhrəyə (Nərgiz Kərimova) necə aşiq olduğunu anlaya bilmirsən. Rejissor elə bir aktrisa seçib ki, Əsgər bəyə ziddir. N.Kərimovanın quru, soyuq bir fakturası var. Oxuduğu partiyaları eşitdikcə ancaq insanı bir məntiq düşündürür - “görəsən, bu hansı dildə oxuyur: ingilis, fransız, ispan, yoxsa Azərbaycan?”
   İkinci səhv isə Əsgər bəyin xalasının (əməkdar artist Xanım Qafarova) seçimindədir. Əgər bu təkrarsız əsəri diqqətlə oxusanız görərsiz ki, əfradi-əhli-məclisdə, yəni təqdimatda Cahan xala kök qadın olaraq təsvir edilir. Yeri gəlmişkən, “Arşın mal alan” filmində Cahan xalanı Nəcibə Məlikova ifa etmişdir. Bir anlıq o epizodları yada salsaq, görərik ki, dolu bədənli xala obrazı uyarlı aktyor simasında ustalıqla ifa edilmişdir. Ancaq Xanım Qafarova xala roluna yaraşmır ki, yaraşmır. Hərəkətlərində lazım olan uyarlıq, oxşarlıq olmadığından sevimli xala obrazını yarada bilmir. Bu işdə həm aktrisanın düzgün seçilməməsi, eləcə də xalanın qriminin düzgün olmaması böyük rol oynayır.
   Ağlının gücünə güvənib, kələk hazırlayan Süleyman bəydən (əməkdar artist Əkbər Əlizadə) yazmamaq günah olardı. Ancaq bir tərəfdən nə yazmaq olar ki? Dahi Ü.Hacıbəyli “Süleyman” adını seçməklə elə bu obrazı yaratmışdır. Bir qalır düzgün şəkildə sözləri, hərəkətləri ifa etmək. Bir də Əkbər Əlizadə kimi hündür boya, alicənab münasibətə malik olmaq. Tamaşaya baxsanız, dediklərimdən də əlavə, aktyorların yaraşıqlı, gözəl geyim mədəniyyətini görəcəksiz. Bundan savayı səhnədə, Əsgərin qayıqda ifasını, Əsgər-Gülçöhrə sevgi əfsanəsinin səmalarda seyrini, yəni onların uçuşunu, Əsgərin tamaşaçı zalının üzərinə atdığı gül-çiçək yağışını görə bilərsiz.
   Qeyd etdiyim yeni nöqsanlara bərabər yeni plastikada hazırlanmış «Arşın mal alan» tamaşasını məhz plastikasına görə mövsümün teatr hadisəsi adlandırmaq olar.
  
   Süleymanova Aygün