Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri gedir. Məşhur yazıçısı Aqata Kristinin «Tələ» əsərini əməkdar incəsənət xadimi Əsgər Əsgərov tamaşaya hazırlayır. Baş rollarda xalq artistləri Zərnigar Ağakişiyeva, Ramiz Məlik, Rafiq Əzimov, əməkdar artistlər Sənubər İsgəndərova, Elxan Quliyev, Abbas Qəhrəmanov, artistlər Vəfa Rzayeva, Mətləb Abdullayev və başqalarının oynayacağı tamaşanın noyabr ayında təhvil veriləcəyi nəzərdə tutulur.
   Əsərdə hadisələr Şotlandiyanın ucqar dağ pansionatında cərəyan edir. Burada bir-birinin ardınca müəmmalı qətllər baş verir. Qarlı havaya görə ətraf dünya ilə bütün əlaqələr kəsilib, yollar bağlanıb. Deməli, qatil pansionatda istirahət edənlərdən biridir...
   Yazıçı tamaşaçıların qarşısında maraqlı tapmacalar qoyur, ancaq həmişə olduğu kimi tapmacanın açması hamı üçün gözlənilməz olur.
   
   * * *
   Akademik Milli Dram Teatrında Fransa yazıçısı Jan Anuyun qədim yunan dramaturqu Sofoklun «Antiqona» faciəsi əsasında eyniadlı əsəri tamaşaya hazırlanır. Teatrın baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi bu əsərdə baş rollarda xalq artisti Səyavuş Aslan, əməkdar artistlər Münəvvər Əliyeva, Əsgər Məmmədoğlu, aktyorlar Aslan Şirinov, Əminə Babayeva və b. iştirak edir.
   Daha bir tamaşa görkəmli qırğız yazıçı və dramaturqu Çingiz Aytmatovun «Çingiz xanın ağ buludu» əsəri əsasında hazırlanır. Xatırladaq ki, sözügedən əsərdə böyük sərkərdənin həyatında baş verən tarixi hadisələrdən bəhs edilir. Tamaşanın rejissoru Rövşən Almuradlı, baş rollarda xalq artistləri Ramiz Novruz, İlham Əsgərov, əməkdar artistlər Əli Nur, Elxan Quliyev və başqalarıdır.
   
   * * *
   «Tülkü, tülkü, tünbəki…» Akademik Milli Dram Teatrı ilə “Yuğ” teatrının birgə layihəsidir. Xanım Həsənovanın «Tülkü, tülkü, tünbəki…» pyesi əsasında hazırlanacaq tamaşa balaca tamaşaçılar üçün nəzərdə tutulub. Birgə layihənin quruluşçu rejissoru «Yuğ» teatrının bədii rəhbəri, rejissor, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğludur. Tamaşa bu ilin sonunda təqdim olunacaq.
   Səhnə əsərində əsas rolları əməkdar artistlər Kazım Abdullayev, Məsmə Aslanqızı, Sevinc Əliyeva, artistlər Anar Heybətov, Rəşad Bəxtiyarov, Elnur Qədirov, Ləman İmanova bölüşüblər.
   Aliyə