Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakının Suraxanı rayonundakı 87 saylı orta məktəbin qonağı olub.
   Müdrik insanlardan biri deyib ki, ən yaxşı yenilik yaddan çıxmış köhnəlikdir. Yəqin ki, orta nəsil oxucularımızın yadında olar: təxminən 20-26 il əvvələ qədər orta və ali məktəblərdə, kitabxanalarda ədiblər, sənət adamları, elm xadimləri, hətta tanınmış əmək qəhrəmanları ilə görüşlər adi hal, planlı tədbir sayılırdı. Düzdür, həmin tədbirlər gənc nəslin mənəvi-estetik dünyagörüşünün genişləndirilməsi adı altında daha çox sovet adamının ideoloji tərbiyəsinin gücləndirilməsinə xidmət edirdi. Hər halda həmin görüşlərdə daha bəşəri dəyərlər təbliğ olunurdu. Sovetlər birliyinin dağılması ilə həmin ənənə də unuduldu. Amma nahaq yerə. Bu gün geniş dünyagörüşlü, yüksək mənəviyyatlı, hərtərəfli Azərbaycan insanının yetişdirilməsi heç də sovet dövründəkindən az lazım deyil.
   İyirmi il əvvəl sabiq təhsil nazirinin əmri ilə məktəblərdə teatr tamaşalarının göstərilməsinə və bilet satışına qadağa qoyulandan sonra həqiqətən məktəblə teatr münasibətində uçurum yarandı. Gizlətmək nəyə lazım, bu qadağanın qoyulmasında "xəkəndaz truppası" düzəldib qapı-qapı gəzən əldəqayırma xırda truppaların da "xidməti" az olmadı. Amma hər halda ətlə dırnaq arasına girən tikanı çıxarmaq əvəzinə, dırnağı irinləmiş barmağın baltalanması kimi radikal qərar gənc nəsli teatrdan, əsl sənətdən uzaq saldı. Hər cür yeniliyə meyilli uşaq və yeniyetmələr mədəni istirahət və əyləncə axtarışında ara-sıra baxdıqları teatr tamaşalarının boşluğunu doldurmağa nəsə tapdılar. Nəticə də göz qabağındadır. Əslində, bu, başqa söhbətin mövzusu olduğundan mətləbdən uzaq düşməyək.
   Tədbirin aparıcısı, Gənc Tamaşaçılar Teatrının ədəbi-bədii hissə müdiri Rafiq Rəhimli söylədi ki, keçmiş ənənələri bərpa etmək işində 87 saylı məktəbin müəllim və şagird kollektivi, eləcə də valideyn komitəsi çox maraqlıdır. Bu görüş də yenicə əsaslı təmirdən çıxmış, rəsmi açılışa hazırlaşan teatrın salonunda gənc tamaşaçıları həmişə görmək həvəsindən irəli gəlir.
   Respublikanın xalq artisti Ağaxan Salmanov isə teatr-məktəb-ailə münasibətləri barədə fikirlərini bölüşdü. Teatr tamaşasına mütəşəkkil baxışın uşaqların dünyagörüşünün artmasında daha geniş rol oynadığını söylədi: "Tutaq ki, bir uşaq valideynləri ilə teatra gedir. Sabah məktəbə gələndə isə təəssüratlarını kiminlə bölüşəcəyini bilmir. Amma sinif yoldaşları ilə, müəllimlə tamaşaya baxandan sonra onların hətta bir neçə günlük söhbəti, müzakirə etmək mövzusu olur".
   Tanınmış teatr rejissoru, xalq artisti Vaqif Əsədovun çıxışı isə daha çox valideynlərə ünvanlandı. O, övladın mədəni-estetik tərbiyəsini məhz vətəndaşlıq tərbiyəsinin bir hissəsi kimi səciyyələndirərək uşaqların teatra həvəsini azaltmamağa çağırdı. Xalq artisti Tariyel Qasımov teatrı həyatın güzgüsü adlandıraraq bir maraqlı məqama toxundu ki, Gənc Tamaşaçılar Teatrı həm də digər teatrlar, xüsusən də Akademik Milli Dram Teatrı üçün tamaşaçı yetişdirir. Aktrisa Almaz Mustafayeva da sənət yoldaşının çıxışına qüvvət olaraq, bir zaman doğma teatrlarında mövcud olmuş ənənənin dirçəldilməsini arzuladı. Almaz xanım xatırlatdı ki, vaxtilə hər ilin sentyabr ayında teatrda I sinif şagirdlərinin "teatr tamaşaçılığına qəbulu" mərasimi keçirilərmiş. Birinciləri teatra gətirər, onlara teatr barədə geniş məlumat verilər, tamaşanın hazırlanma prosesi ilə tanış edərmişlər.
   Gənc Tamaşaçılar Teatrının redaktoru Səriyyə İsmayılova əmək və ictimai fəaliyyətinə Suraxanı rayonunda başladığı illəri xatırladıb, şəhərdən bir qədər uzaqda yaşamağın uşaqların sənət aləmindən kənar düşməyinə səbəb olmadığını vurğuladı. Məktəblərdlə özfəaliyyət dərnəkləri yaratmaqla, müxtəlif səviyyəli festival və müsabiqələr keçirməklə uşaqları əsl sənət meyarları ilə tanış etməyin mümkünlüyünü söylədi. Elə 87 saylı məktəbin ibtidai sinif müəllimi Sona Mövsümqızının öz şeirlərini oxuması, onun şagirdi balaca Ayşənin də böyük sənətkarlar qarşısında sıxılmadan şeir söyləməsi də göstərdi ki, həqiqətən hər yerdə istedadlar, sənət həvəsliləri var. "Müasir Azərbaycan müəllimi" qəzetinin redaktoru və pedaqoq İkram Sülemanov isə məktəbli olduğu 50-ci illərin əvvəllərində təhsil aldığı uzaq dağ kəndində məhz müəllimlərin kənddə teatr həvəskarlarını bir yerə yığdığını, özlərinin də klub səhnəsində həvəskar aktyor kimi çııxış etdiyini xatırlayaraq, bu görüşün əhəmiyyətini vurğuladı.
   Əməkdar artist Ayşad Məmmədov, teatrın aktyorları Atabala Səfərov və Elnur Kərimov da məktəbliləri hər zaman tamaşa salonunda gözlədiklərini söylədilər.
   Teatrın aktrisaları, əməkdar artistlər Lətifə Əliyeva və Naibə Allahverdiyeva isə söylədikləri poetik nümunələrlə hər kəsin alqışlarını qazandılar. Əgər hamımızın dramatik aktrisa kimi tanıdığımız Lətifə xanımın monotamaşa kimi təqdim etdiyi "Ananın öyüdü" şeiri təsirli ifa tərzi ilə maraqlı idisə, daha çox komik rollar ustası kimi şöhrətlənmiş Naibə xanımın ifasında məşhur "Bir salama dəymədi" şeiri həm də aktrisanı toplaşanlara tamam fərqli baxımdan tanıtdı.
   Gənc Tamaşaçılar Teatrı bütün yaş həddinə daxil uşaqlarla yanaşı, böyüklər üçün də tamaşalar hazırlasa da, məktəblilərlə görüşdə məhz onların yaş xüsusiyyətlərinə uyğun üç tamaşadan fraqment göstərildi. "Tıq-Tıq xanım" (A.Şaiq), "Qaraca qız" (S.S.Axundov və A.Şaiq) və "Çimnaz xanım yuxudadır" (S.Rüstəm) tamaşalarından göstərilən parçalarda xalq artistləri Rafiq Hüseynov, Yasin Qarayev, aktyorlar Sona Babayeva, Elnur Hüseynov, Günel Məmmədova və Sevinc Mehrəliyevanın çıxışı da maraqla qarşılandı.
   Gənc Tamaşaçılar Teatrının təməlini qoyduğu "Məktəb və teatr" layihəsinə həvəslə qoşulan 87 saylı məktəbin valideyn komitəsinin sədri Aygün Tahirova da bu tədbirə həvəslə təşkilatçılıq etdiyini bildirib teatrın kollektivinə təşəkkürünü bildirdi.
   Məktəbdən ayrılanda görüşə ev sahibliyi məktəbin direktoru Elmira müəllimə yaxşı bir fikir söylədi: "Başqa məktəbləri deyə bilmərəm, amma biz sizin tamaşalarınza həmişə gələcəyik!".
   Elə aktyorların da istəyi də budur - bir yerdə olaq: biz səhnədə, siz salonda!
   
   Gülcahan MİRMƏMMƏD