Mərahim Fərzəlibəyov: "Heç vaxt arxayınlaşmamışam"
   
   Akademik Milli Dram Teatrının baş rejissoru, xalq artisti, çağdaş Azərbaycan teatrının tanınmış nümayəndələrindən biri Mərahim Fərzəlibəyov indiyə kimi bir bədii filmin ("Mənim ağ şəhərim") 3 televiziya filminin çoxsaylı televiziya və səhnə əsərlərinin ("Qırmızı qan", "Canavar balası", "Doğan günəş") rejissoru olub. Bir neçə filmdə aktyor olaraq rol alan M.Fərzəlibəyov bu işin də öhdəsindən özünəməxsus gələ bilib. "Ölülər"də Şeyx Əhməd, "Qəm pəncərəsi"ndə Uçitel Həsənov rollarını yaradıb. Onun teatr yaradıcılığı isə xüsusi bir söhbətin mövzusudur. Ümumiyyətlə, M.Fərzəlibəyov indiyə kimi 60-a yaxın əsərin quruluşçu rejissoru olub. 40 ildir sənətdə olan rejissor 60 yaşı ömrünün ən məsuliyyətli dövrü sayır: "İndi daha da məsuliyyətlə çalışmaq zamanıdır. Ümumiyyətlə, heç vaxt arxayınlaşmamışam".
   Bu gün Azərbaycan tamaşaçısını maraqlandırmaq, onun diqqətini teatra sözün əsl mənasında cəlb etmək çətindir. Son illər teatr üçün həm də təmirlə bağlı çətin keçib. Ancaq bu müddətdə teatr nəinki dayanmayıb, əksinə, yeni-yeni tamaşalar üzərində işlər gedib, truppa ardıcıl olaraq, Azərbaycanın müxtəlif bölgələrində, habelə xarici ölkələrdə qastrollarda olub. "Çalışırıq ki, teatrın əməkdaşlıq etdiyi müəlliflər bura daha tez-tez əsər təqdim etsinlər. Çalışırıq ki, dünyanın məşhur dram əsərlərini, habelə Azərbaycan dramaturqlarının yeni əsərlərini tamaşaçılara təqdim edək. Təmir labüd idi; hazırda Avropa teatrları müasir texniki imkanlarla təchiz olunduqlarından onların təqdim etdikləri əsərlər daha professional təsir bağışlayır".
   Son illər rejissorun quruluşunda "Füzuli və Əsmər", "Körpüdə mənzərə" tamaşaları seyrçilərin rəğbətini qazandı. Artur Müllerin "Körpüdə mənzərə" əsərinin mövzusu çox aktualdır, imiqrantların taleyi ön plana çəkilib. Narahat taleli insanların sevgisi, kədəri, gizli şəkildə yaşamaları, hətta bizneslə məşğul olmaları əks olunur. A.Müller 20-ci yüzilin tanınmış dramaturqlarındandır. Rejissor deyir ki, bu əsər hazırda bütün dünyadakı vəziyyəti aydın dərk etmək baxımından çox aktualdır. Teatr xarici rejissorlarla daimi əməkdaşlıq etmək, ildən-ilə bu əməkdaşlığı artırmaq niyyətindədir: "Habelə, bizim rejissorların xarici ölkələrdə təcrübə mübadiləsi aparmaları nəzərdə tutulub. Dünya teatrlarının mövcud inkişaf səviyyəsi tələb edir ki, olanları təhlil edək, inkişafımız üçün daim yaradıcı stimul əldə edək".
   M.Fərzəlibəyovun son illərdə quruluş verdiyi əsərlərdən biri də mərhum rejissor Tofiq Kazımovun "Muradın kələkləri", yaxud "İmzanın hökmü" komediyasıdır. Bu əsər 70-ci illərdə yazılıb: "Bilirik ki, Tofiqin atası - XX yüzilin əvvəllərində yaşamış məşhur şair Səməd Mənsur öz şeirlərində sovet hakimiyyətinin ideya cəhətdən çürüklüyünü göstərirdi. T.Kazımov sovet dövründə yaşayıb sosializm-realizmi mövzusunda çoxsaylı əsərlər səhnələşdirsə də, o, həmişə müstəqil düşüncəsi ilə çoxundan seçilirdi. Həmçinin səhnələşdirdiyi əsərlərdə daim tamaşaçını düşündürən məqamlar çoxluq təşkil edirdi. Bu baxımdan onun "Ölülər", "Pəri Cadu" əsərlərini özünəməxsus səhnələşdirməsi diqqətəlayiqdir. Vaxtilə mən Sumqayıt teatrında baş rejissor işləyərkən Tofiq Kazımov bu teatrda baş rejissor idi. Yadımdadır, mənə "İmzanın hökmü"nü təqdim etdi ki, baxarsan, burada işlədiyimdən əsərimi səhnələşdirə bilmərəm. 1977-ci ildə bu əsəri səhnələşdirdim. Sonradan hiss etdim ki, əsəri bu gün mənə tamamilə aydın olan səviyyədə səhnələşdirə bilməmişəm. Hər halda dövrün, zamanın təsiri istər-istəməz özünü göstərmişdi. O səbəbdən də əsərə yenidən qayıtmalı oldum. Əsərdə hadisələr hansısa bir Şərq ölkəsində cərəyan edir. O, hadisələri məharətlə qeyri-müəyyən bir məkan və zaman üzərinə köçürə bilib".
   Son illər teatrda M.Fərzəlibəyovun yaradıcılığının timsalında bir neçə oxşar mövzulu əsərin vahid süjetdə səhnə həyatını tapması ideyası gerçəkləşdi. Teatrın baş rejissoru bu yöndə işlərin ardıcıl davam edəcəyini bildirir: "Yenə də bu yöndə ideyalar var. Tamaşaçıya təqdim edilən əsər çox ciddi şəkildə fikir süzgəcindən keçirilir. Belə bir ideya adətən rejissorlara xas olur. Rejissor müəyyən bir ideya xətti əsasında bu və ya digər əsərin səhnə təcəssümünü görür. Bu gün Azərbaycan şifahi xalq ədəbiyyatanın, həm də yazılı ədəbiyyatımızın nümunələri içərisində bu tipli əsərlər üçün mövzular yetərincə var. Sadəcə, bu yöndə daha ciddi və ardıcıl işləmək gərəkdir".
   Ümumən bu gün teatrlara marağın əvvəlki onillərlə müqayisədə azalması müşahidə olunur. Əsl sənətə olan marağın öldürülməsində serialların "rolu" danılmazdır. M.Fərzəlibəyovun kinoseriallarla bağlı qənaəti maraqlıdır: "SSRİ dövründə kinoseriallar cəmiyyətə o qədər də daxil olmamışdı. Teleserialları yazmağı özünə peşə edənlər insan psixikasının ən zəif, həssas tərəflərini qabartmağa, bununla da dünyanın müxtəlif ölkələrində müxtəlif millətlərin əhvalına təsir göstərməyin yolunu tapdılar. Amma bütün bunlara baxmayaraq bugünün tamaşaçısı ağı qaradan seçməyi bacarır. Mən şübhə etmirəm ki, bir azdan ağıllı tamaşaçılar seriallara münasibətdə daha ciddi seçimlərini edəcək və yəqin ki, onlar hər seriala baxmayacaqlar. Əgər Azərbaycanda, eləcə də dünyada klassik əsərlərə müraciət edilən seriallar çəkilsə, bu, tamaşaçı zövqünün formalaşmasına, insanlarda düşüncə yönünün daha da irəliyə doğru getməsinə səbəb olar. Azərbaycanda ciddi serialların yaranmasına zəmin yaradan xeyli ədəbiyat nümunələrimiz və bundan sonra yazılması zəruri olan mövzularımız var".
   Mərahim Fərzəlibəyov bəzi serialları nəinki Azərbaycan, ümumiyyətlə, Şərqin ruhuna təcavüz kimi də qəbul edir: "Dünyanın Şərqə qarşı münasibətində ziqzaqlı məqamlar artmaqdadır. Bu mənada seriallarda Şərqə təsir etmək üçün müxtəlif priyomlardan istifadə edildiyi açıq-aydın sezilir. İddia etmək olmaz ki, seriallar xalqa o qədər də təsir göstərə bilməz. Hər halda seriallar əhalinin müəyyən təbəqəsində pis təəssürat yaradır".
   
   Elçin Qaliboğlu