Mən əminəm ki, o gün «Yuğ» teatrının yığcam, alaqaranlıq salonuna gələn hər kəs çıxış edərək Məryəm xanımı şəxsən təbrik etmək istəyirdi. Amma məclisi düzənləyən və aparan Vaqif İbrahimoğlunun təbirincə desək, amma və lakin hər kəsə növbə çatmadı ki, sevə-sevə bağlatdırdığı gül dəstəsini əlinə alıb Məryəm xanıma öz ürək sözlərini söyləsin. Maşallah, Məryəm xanımı sevənlər çox, hamının da ürəyi dolu!
   
   Əslində tanınmış teatrşünas, əməkdar incəsənət xadimi, «Qızıl Dərviş», «Humay» mükafatları laureatı, sənətşünaslıq doktoru, Mədəniyyət və İncəsənət Universitetinin professoru Məryəm Əlizadənin doğum tarixi sənədlə bu gündür. Yəni aprelin 14-ü. Özü də nə az, nə çox, bu fani dünyada keçirdiyi altmış ili tamamlayır. Ağlı kəsəndən teatr adlı möhtəşəm aləmin sehrinə düşüb. Tamam qırx ildir ki, bu aləmi, burada gedən prosesləri seyr edib anlamağa, sonra da prosesin izləyicilərini anlatmağa, prosesin daşıyıcılarını isə yönəltməyə çalışır. Yeri gəlmişkən, Məryəm xanımın «Teatr: seyr və sehr» adlı monoqrafiyası var.
   «Yuğ» teatrındakı məclisdə çıxış edənlər - mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət, bu yaradıcı qurumun məsul katibi Kəmalə Cəfərzadə, yazıçı Afaq Məsud, «Yol» ədəbi dərgisinin Baş redaktoru Flora Naci, şairə Şövkət İmani sözlə, aşıq Əhliman həm sazla, həm sözlə, Xalq artisti Yaşar Nuri nitq söyləmədən eləcə hədiyyə ilə, vokalçılar, xanəndələr, müğənnilər də musiqi ilə təbrik etdilər.
   Bu mehriban məclisi başqa yubiley mərasimlərindən fərqləndirən ən maraqlı məqam isə adətən aktyorlar barədə söz açan teatrşünas barədə aktyorun - Əməkdar artist Məmməd Səfanın çıxış etməsi, bir də professora tələbələrin - Könül Əliyeva ilə Elçin Cəfərovun opponentlik etməsi oldu. Bu da təsadüfi deyildi. Çünki həmin məclisdə Məryəm Əlizadənin Azərbaycan teatrşünaslığının kraliçası seçilməsi müzakirə edilirdi. Təbii ki, məclis əhlinin də qərarı yekdil oldu: Məryəm xanım milli teatr sənətimizin kraliçası elan edildi.
   Çoxları kimi bu sətirlərin müəllifinin də həmin məclisdə təbrik sözü söyləməyinə imkan tapılmadı. Odur ki, «Mədəniyyət» qəzetinin söz meydanından istifadə edib ürəyimdən keçənləri sevimli Məryəm xanıma çatdırmaq istəyirəm:
   Əziz Məryəm xanım! Mən Sizin imzanızı teatrı sevib öyrənməyə başladığım zamandan tanıyıram. Ona görə də icazənizlə Sizə müəllimə deyə müraciət edim. Çünki auditoriyada oturub mühazirənizə qulaq asmasam da, hər hansı məqaləmin qaralamasını Sizə göstərməsəm də, özümü Sizin tələbəniz hesab edirəm. Məryəm müəllimə, Sizin sənət taleyiniz bizim onsuz da barmaqla sayılacaq qədər az teatrşünaslarımızın hamısından daha çox gətirib. Çünki Sizin monoqrafiyalarınızdan, məqalələrinizdən «fikir oğurlamaq» qeyri-mümkündür - düşüncənizdən yazdıqlarınıza süzülən fəlsəfi fikir, psixoanalitik baxış hər kəsinkindən fərqlənir deyə, onları Sizdən başqa kimsə özününkü kimi qələmə verə bilmir. Sizdən yalnız öyrənmək, bəhrələnmək olar.
   Mən çox şadam ki, bizim teatr zövqümüzdəki, çağdaş milli teatr prosesinə baxışlarımızdakı fərq mehriban münasibətimizə kölgə salmır. Məhz bu böyüklüyünüz, hər kəsdə və hər olayda ilk növbədə yaxşı, ürəkaçan cəhətləri görüb təqdir etməniz Sizi nağıllardakı xeyirxah kraliçalara, öz sözünü yumşaq tərzdə deyərək də yolundan, məsləkindən dönməyən hökmdar xanımlara bənzədir. O ki qaldı gerçək kraliçalara, vallah, əgər onlar «Yuğ» teatrının alaqaranlıq salonunu işıqlandıran nurlu simaları görsəydilər, Azərbaycan teatr səltənətinin (dolayısı ilə həm də Sizin) əyanlarını tanısaydılar, yəqin ki, Sizə qibtə edərdilər.
   
   «Mədəniyyət» qəzetinin kollektivi adından
   Gülcahan MİRMƏMMƏD

   P.S. Mən öz təbrikimizi çatdırdım, pislik Vaqif İbrahimoğluna qaldı.