Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə teatr studiyalarının yaradılması ilə bağlı qərarından sonra gənclərin yaradıcılıq meyilləri artıb. Lənkəranda təşkil olunan «Ümid» teatr studiyası da həvəskar gənclərdən təşkil olunub. Məqsəd teatrların yaradıcılıq potensialının yerli kadrlar hesabına möhkəmləndirilməsidir.
   
   «Ümid» studiyasının yaradıcı kollektivi ilk dəfə olaraq tamaşaçılar qarşısında sərbəst çıxış etdi. Onlar özlərinin sənət bacarığını «Yol» adlı şou-proqramda nümayiş etdirdilər. Cəmiyyətdə baş verən bir çox problemlərə öz düşüncə tərzlərindən yanaşaraq, ictimaiyyətin diqqətini bir daha maraq və narahatlıq doğuran məqamlara yönəltməyə çalışdılar. Ən çox diqqətçəkən səhnələrdən biri adət-ənənələrimizin bayağılaşdırılması ilə bağlı şadlıq mərasimi oldu. Tamaşaçıların alqışları yaradıcı heyətin qarşıya qoyulan məqsədə müəyyən qədər də olsa nail olduqlarını deməyə əsas verir.
   Təbii ki, ilk çıxışı nöqsansız gözləmək də sadəlövhlük olardı. Bütün tənqidi fikirlərə baxmayaraq "Ümid" teatr studiyasının gələcəyi barədə nikbin danışmaq olar. Teatr studiyasının üzvləri təkcə şou və ya uşaq tamaşaları ilə kifayətlənmirlər. Teatrda səhnəyə qoyulan monumental əsərlərdə də rollar ifa edirlər. Bundan əlavə, yaş etibarilə daha kiçikyaşlı uşaq və yeniyetmələr də teatra cəlb olunur. Yaxın bir-iki ildə «Fidan» teatr-rəqs studiyasının yetirmələri də bütünlükdə Lənkəran Dövlət Dram Teatrının yaradıcı potensialına öz töhfələrini verəcəklər.