Lütfiyyə Səfərova haqqında yazı hazırlamaq üçün uzun illər onun tərəf-müqabili olmuş Novruz Qartalla görüşəndə ilk sözü məhz bu oldu: «O, teatrımızın nazlı-duzlu aktrisası idi». Bu səmimi dost oxşaması Lütfiyyə xanımın portretinin çox dəqiq ifadəsidir. Həqiqətən də, Lütfiyyə xanım operetta artisti üçün zəruri olan bütün keyfiyyətlərə malik idi - koloritli, cazibədar xarici görünüş, şuxluq, insanpərvərlik və qulağayatımlı avaz... Onun Gülnazı, Asyası, Afəti, Nazlısı, Balaxanımı və digər rollarının əks-sədası Bakıdan çox uzaqlarda yerləşən bölgələrimizə də gedib-çıxırdı - qastrol səfərləri ərzində onun oyun tərzinə valeh olanlar Ş.Qurbanov adına Musiqili Komediya Teatrının tamaşalarını görmək üçün məxsusi olaraq paytaxta üz tuturdular. Şəmsi Bədəlbəylinin rəhbərlik etdiyi, sorağı 1963-cü ildə Moskvada baş tutan Azərbaycan mədəniyyəti dekadasından gələn ozamankı «muskomediya»nın səhnəsində qoyulan «O olmasın, bu olsun», «Arşın mal alan», «Milyonçunun dilənçi oğlu», «Nənəmin şahlıq quşu», «Ev bizim, sirr bizim» kimi tamaşaların cazibə qüvvəsi teatr tariximizin qürurverici səhifəsini yazıb.
   Lütfiyyə Səfərova Asəf Zeynallı adına Musiqi məktəbini və Xarici Dillər İnstitutunu bitirib. Musiqili Komediya Teatrına 1963-cü ildə Süleyman Ələsgərovun məsləhəti və dəvəti ilə gəlib. İndiki nəsil onu «Sizinlə gülə-gülə», «Şirbalanın sonuncu məhəbbəti», «Bankir adaxlı» və «Volqalı canan» teatr və televiziya tamaşalarındakı bir-birindən fərqli obrazlarda görüb alqışlayıb. 2008-ci ildə Lütfiyyə Səfərova teatrdan aralanıb. Ürəyinin sözünə baxmaması, şəkərli diabet və hafizəsinin zəifləməsi tamaşaçıları ilə görüşlərinə xələl gətirə biləcəyi üçün bu qərara gəlmişdi. 4 nömrəli xəstəxanaya yerləşdiriləndən bir həftə sonra bu il martın 1-də dünyasını dəyişib. 68 yaşının tamamına 10 gün qalmış... Sadalanan xəstəliklər əsəb sarsıntısından xəbər verir. Bəs təmkinli, həyatsevər, ünsiyyətcil bir xanımın səhhətinin belə pozulmasına səbəb nə idi? Qırx ildən çox onun həmkarı, sənət dostu olmuş Musiqili Komediya Teatrının truppa müdiri Novruz Qartal Lütfiyyə xanımın həyat və sənət yolundan danışarkən ürək ağrısı ilə vurğuladı ki, adamın gərək axırı yaxşı olsun, Lütfiyyə xanımda əksinə oldu...
   Novruz Qartal: «Lütfiyyə xanımın əsli Şuşadan idi. Ailənin tək övladı idi. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib. Onu həmişə təmkinli, dedi-qodulardan uzaq olan xanım-xatın bir qadın, işinə, sənətinə çox ciddi yanaşan aktrisa kimi tanımışıq. Kimdənsə kobudluq görəndə, yersiz söz eşidəndə sakitcə təəccübünü bildirməklə kifayətlənirdi. Bir qədər gec ailə qurdu. Teatrımızın ovaxtkı işçilərindən biri Rasim Dadaşzadə ilə evləndilər. İki oğul anası oldu - Azər və Samir. Samiri həmişə özü ilə qastrollara aparırdı. Təəssüf ki, Lütfiyyə xanımın ailə səadəti uzun sürmədi - yoldaşı ilə ayrıldılar. Rasim ondan sonra iki dəfə evləndi. Lütfiyyə xanım isə uşaqları təkbaşına böyütdü, oxutdu, evləndirdi. Onu da deyim ki, boşanmalarına baxmayaraq, keçmiş qayınanası ilə qayınatasının qeydinə qalmağı özünə borc bilirdi».
   Lütfiyyə Səfərovanın əsəblərinin pozulmasının səbəbləri şəxsi həyatındakı uğursuzluqlarla bağlı idi. Oğlanlarının hər ikisinin ailələrinin dağılması, böyük oğlunun ölkə xaricinə köçməsi və orda əcnəbi qadınla evlənməsi Lütfiyyə xanımın xiffətini artırırdı. Fəxri ad ala bilməməsi də ona təsir edirdi. Və bütün çətinlikləri Lütfiyyə xanım təkbaşına dəf etməli oldu.
   N.Qartal: «Lütfiyyə xanım bütün ömrünü yalnız bugünkü günün ovqatı ilə yaşayan insanlardan idi. Heç vaxt sonrakı günləri barədə fikirləşməyib. Mən maddi mənada deyirəm. Yadıma gəlmir ki, o, harasa hədiyyəsiz getsin - hamının könlünü açmağı çox xoşlayırdı. Həm təbiəti belə idi, həm də Şəmsi Bədəlbəylinin rəhbərliyi altında işləyənlərin sonuncu nümayəndələrindən biri idi. Yaxşı ki, Şəmsi müəllimin ənənəsi bu günə qədər qalıb - bizim teatr dedi-qodunun nə olduğunu bilmir.
   Bilirsiz, teatrda idarəçilik elə qurulmalıdır ki, aktyor özünü lazımlı şəxs kimi hiss etsin. Çünki teatr həm də aktyorundur. Onun potensialı, bacarığı tam gücü ilə istifadə edilməli və qiymətləndirilməlidir».
   
   Samirə Behbudqızı