Opera və Balet Teatrında növbəti uşaq tamaşasının - Leonid Vaynşteynin “Çəkməli pişik” operasının premyerası keçirilib. Opera bəstəkarın 65 illik yubileyinə həsr olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ilk dəfə bu tamaşada teatrın gənc solisti Səbinə Əsədova Çəkməli pişiyin partiyasında uğurla debüt edib. Opera və Balet Teatrının səhnəsində R.Leonkovallonun “Payatsı” operasının tamaşasında isə daha bir gənc və istedadlı vokalçı - Çinarə Şirinova debüt edib. Çinarə tamaşada əsas partiyalardan birini - Nedda rolunu canlandırıb. Tamaşada, həmçinin Xalq artisti Azər Zeynalov (Kanio), Əməkdar artist Əvəz Abdullayev (Silvio), gənc solistlər Anton Ferştandt və Azər Rzazadə çıxış ediblər. Tamaşadan sonra Çinarənin vokal müəllimi, bir vaxtlar Opera Teatrının solisti olmuş Əməkdar artist, professor Hüseyn Əliyev tələbəsini təbrik edib.