Cəlil Məmmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrının kollektivi Milli Teatr Festivalı çərçivəsində iyunun 15-də Sumqayıt səhnəsində Hüseyn Cavidin “İblis” dramını teatrsevərlərə təqdim edib.
   
   Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, rəssamı Naxçıvan MR-in Əməkdar incəsənət xadimi Əbülfəz Axundovdur. İblis rolunu Xalq artisti Həsən Ağasoy, Arif rolunu Naxçıvan MR-in Xalq artisti Rza Xudiyev, Xavər rolunu muxtar respublikanın Əməkdar artisti Günay Qurbanova ifa ediblər. H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov bildirib ki, Milli Teatr Festivalı çərçivəsində ümumilikdə on regional teatr kollektivi Sumqayıt səhnəsində çıxış edəcək.
   Qeyd edək ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına müvafiq həyata keçirilən Milli Teatr Festivalı bu ilin fevralında start götürüb və noyabrın 9-dək davam edəcək. Bu müddətdə Bakı, Sumqayıt səhnələrində 27 dövlət teatrı çıxış edəcək. Milli Teatr Festivalının bağlanış mərasimi noyabrın 9-da Sumqayıtda olacaq. Festival ingilis yazıçısı Aqata Kristinin romanı əsasında Akademik Milli Dram Teatrı tərəfindən səhnələşdirilmiş “Tale” tamaşasının nümayişi ilə başa çatacaq.