Musiqili Teatrların Beynəlxalq Assosiasiyası gənclərlə bağlı budəfəki layihəsini ötən il quruma üzv qəbul edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrında reallaşdıracaq. 
   Assosiasiyaya daxil olan teatrların gənc rejissorlarının mübadilə qaydasında mədəni dialoqlarda iştirakı və dövlətlərarası mədəni əməkdaşlığın inkişafı layihənin əsas qayəsini təşkil edir. Bu məqsədlə Sverdlovsk Dövlət Musiqili Komediya Teatrının baş rejissoru, Rusiyanın Xalq artisti Kiril Strejnevin tələbəsi Sergey Yunqans tamaşa hazırlamaq ücün Musiqili Komediya Teatrına göndərilib.
   Serqey Yunqans teatrın rus bölməsində operetta janrının banisi, böyük fransız bəstəkarı Jak Offenbaxın “Kandardakı ər və yaxud toy gecəsində sərgüzəşt” komediyasını səhnələşdirəcək. Qeyd edək ki, Jak Offenbaxın eyniadlı əsəri ilk dəfə 1989-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulub.
   Teatrla, aktyor heyəti ilə tanışlıq üçün şəhərimizə gələn Sergey Yunqans repertuarda olan tamaşalara baxdığını, ilkin hazırlıq işləri ilə bağlı onunla birlikdə işləyəcək yaradıcı heyətlə görüşdüyünü deyib: “Tamaşalara baxdım, gənc rejissor Elvin Mirzəyevin quruluşunda Ü.Hacıbəylinin “Arşın mal alan” komediyası daha çox xoşuma gəldi. Müasir teatrın tələb etdiyi elementlərdən istifadə olunması, istər bədii tərtibatda, istərsə də aktyor ifasında müasirlik diqqətimi çox cəlb etdi. Düşünürəm ki, bu heyətlə istədiyim ideyanı həyata keçirə biləcəyəm”.
   Sergey Yunqans gələn ilin yanvarından tamaşanın məşqlərinə başlayacaq.
   Beləliklə, dünya operetta janrının banisi Jak Offenbaxın komediyası uzun fasilədən sonra, yeni quruluşda Musiqili Komediya Teatrının səhnəsinə qayıdacaq.
   Teatrın direktoru Əliqismət Lalayev Musiqili Teatrların Beynəlxalq Assosiasiyası tərəfindən həyata kecirilən layihə çərçivəsində belə qarşılıqlı mədəni əlaqələrin önəmini vurğulayıb. Onun sözlərinə görə, layihənin növbəti mərhələsində teatrın bir gənc rejissoru Assosiasiyaya daxil olan teatrlardan birində tamaşa vermək ücün dəvət olunacaq.