Azərbaycan Dövlət “Yuğ” Teatrının rejissoru Mikayıl Mikayılov Sergey Afanasev adına Novosibirsk Şəhər Dram Teatrında tamaşa hazırlayacaq. Rejissor ünlü yapon yazarı Rünoske Akutaqavanın «Bambuk meşəsində qətl» mistik detektiv əsərini səhnəyə qoyacaq. Budda, Odunçu, Səhhay rahib, Keşişçi, Qarı, Tadzimaru, Dul qadın, Öldürülmüş Samurayın ruhu obrazlarından ibarət olan bu tamaşanın səhnə tərtibatı bambukun müxtəlif konfiqurasiyalardan ibarət olacaq. Qrim, kostyum, maska və dekorasiyalar isə yapon mədəniyyəti ənənəsinə uyğun hazırlanır.
   Tamaşada yapon «Noh» teatrının və «Buto» plastik rəqs teatrının elementlərindən istifadə olunacaq. Aktyorlar plastika və söz vasitəsi ilə tamaşaçılara bir cinayət hadisəsinin müxtəlif versiyalarını təqdim edəcəklər. Bununla da tamaşaçıya imkan yaradılacaq ki, kimin qatil olduğuna özü qərar versin.