Noyabrın 4-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Xatirə gecəsində M.Şeyxzamanovun yaradıcılığından söz açılacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Yubiley mərasiminin rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1934-cü ildə Gəncə Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. Müxtəlif tamaşalarda bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları böyük ustalıqla yaradıb. Kino ekranına ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb. “Qızmar günəş altında”da Alı kişi, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm, “Əhməd haradadır”da Şirin, “Tütək səsi”ndə İsfəndiyar kişi kimi yaddaqalan obrazlar yaradıb. 1984-cü il yanvarın 25-də vəfat edib.