7-10 noyabr tarixində ölkəmiz Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq kitab sərgisində təmsil olunacaq. Tədbirdə Azərbaycanın zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nümayəndə heyəti iştirak edəcək. Sərgi günlərində nazirlik tərəfindən nəşr edilən kitabların təqdimatı və imza mərasimlərinin keçirilməsi də planlaşdırılır.
Bu il 34-cü dəfə təşkil olunan İstanbul kitab sərgisinə Avropanın ən böyük ölkələrinin nəşriyyatları ilə yanaşı, Amerika, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan və digər ölkələrdən 500-ə yaxın təşkilat qatılacaq.
Mədəniyyət və Turizm Nazirliyi və ölkə nəşriyyatlarının nümayəndələri ənənəvi olaraq hər il İstanbul sərgisində xüsusi ekspozisiya ilə təmsil olunur. TÜYAP sərgi mərkəzində təşkil olunan sərgidə Azərbaycan kitablarının nümayişi üçün 50 kvadratmetr sahə icarəyə götürülüb.
Xüsusi dizaynla qurulan Azərbaycan stendində ölkəmizin tarixi və bu günü, mədəni irsi, ədəbiyyatı, incəsənəti ilə bağlı kitablar nümayiş olunacaq. Qeyd edək ki, son illər Frankfurt, London və Turin şəhərlərində keçirilən beynəlxalq kitab sərgilərində milli stendimizin xüsusi dizaynla qurulması ziyarətçi marağına səbəb olub.