Dekabrın 9-da TÜRKSOY-un təşəbbüsü ilə Ankarada Azərbaycanın Xalq şairi, görkəmli dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə konfrans keçiriləcək. Tədbir TÜRKSOY, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunub.
Tədbirdə TÜRKSOY-un layihəsi əsasında hazırlanan və nəşr edilən “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimat mərasimi olacaq.
Azərbaycan Milli Kitabxanasının fondlarından Bəxtiyar Vahabzadənin yaradıcılığını əks etdirən kitablardan ibarət sərginin və görkəmli şair haqqında çəkilmiş filmin nümayişi nəzərdə tutulur.
“Doğumunun 90-cı ilində Bəxtiyar Vahabzadə” adlı konfransda Azərbaycan, Türkiyə və Qırğızıstandan alimlər, ədəbiyyat, mədəniyyət xadimləri iştirak edəcək.
Tədbirin bədii hissəsində Ankarada yerləşən Bəxtiyar Vahabzadə adına orta məktəbin şagirdləri şairin şeirlərini söyləyəcək, Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı olacaq.