İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) 1992-ci ilin 26 fevralında Xocalıda qətlə yetirilən hər bir azərbaycanlının xatirəsini əbədiləşdirmək üçün Heydər Əliyev Fondunun, “Justice for Khojaly” beynəlxalq kampaniyasının və “Keren Kaemet le İsrael” Yəhudi Milli Fondunun dəstəyi ilə İsraildə, Prezident meşəsində 613 ağac əkməyi planlaşdırır.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, hər il “Azİz” erməni millətçilərinin Azərbaycanı sövq etdikləri Dağlıq Qarabağ müharibəsinin qızğın çağında Xocalı şəhərində baş vermiş dəhşətli faciəyə həsr olunmuş tədbirlər təşkil edir. Silahlı erməni birləşmələri sovet ordusu hissələrinin dəstəyi ilə Xocalıda 613 nəfəri yalnız azərbaycanlı olduqları üçün qətlə yetiriblər. Xocalı faciəsi ilə əlaqədar anım mərasimi fevralın 26-da keçiriləcək. “Azİz” bu layihənin həyata keçməsinə göstərdiyi dəstəyə görə İsrail-Azərbaycan parlamentlərarası qrupunun sədri, İsrailin keçmiş xarici işlər naziri, “İsrail bizim evimizdir” partiyasının başçısı, Knessetin deputatı Aviqdor Libermana xüsusi təşəkkür edir.
Xocalı faciəsinin təntənəli anım mərasiminə Knessetin deputatları, siyasilər, diplomatlar, bələdiyyə şuralarının, ictimai təşkilatların nümayəndələri, jurnalistlər dəvət olunublar.