Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin prioritet fəaliyyət istiqamətlərindən biri müxtəlif təyinatlı metodiki vəsaitlərin hazırlanmasıdır. Bunu nəzərə alaraq ilk mərhələdə 8 istiqaməti (muzey işi, klub işi, mədəniyyət müəssisələrində ictimaiyyətlə işin təşkili, özfəaliyyət teatrları, rəsm qalereyaları və s.) əhatə edən metodiki vəsaitlər hazırlanıb.
Elnarə Hacıyeva və Nadir Məmmədovun hazırladığı “Şəhər (rayon) mədəniyyət mərkəzləri və filiallarında mədəni-kütləvi tədbirlərin təşkili və xalq oyunları işinin əsasları” adlı metodiki tövsiyədə unudulmaqda olan xalq oyunlarının öyrənilməsi, yaşadılması və təbliği yolları göstərilir. “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili üzrə ilkin biliklər” adlı metodiki tövsiyədə (müəllif Pərvanə Hüseynova) ictimaiyyətlə əlaqələrin qurulması, prinsipləri, tədbirlər planının tərtibi və s. məsələlərdən bəhs olunur.
“Şəhər (rayon) Mədəniyyət mərkəzləri və onların filiallarında mədəni-kütləvi tədbirlərin təşkili işinin əsasları” (Elnarə Hacıyeva), “Məktəblilərin muzey və muzey tipli müəssisələrə cəlb olunması və muzeylərin təbliği işinin əsasları” (Pakizə Almazova), “Şəhər (rayon) mədəniyyət mərkəzləri və filiallarının ideoloji əhəmiyyəti və hərbi-vətənpərvərlik tərbiyəsi işinin təşkili” (Məzahir Qarayev, Afaq Ağayeva), “Özfəaliyyət teatr tamaşalarında qrim və geyimdən istifadə qaydaları” (Rafiq Quliyev, Abdurahman Əmirxanov), “Muzey və muzey tipli müəssisələrdə turistlərlə işin təşkili və ekskursiyaların aparılmasının əsasları” (Aygün Balabəyova), “Təsviri sənət metodikası” (Vəfa Yüzbaşeva) da qeyd olunan sahələr üzrə dəyərli vəsaitlərdir.
Hazırlanmış vəsaitlərin mədəniyyət və turizm şöbələrinə göndərilməsi ilə yanaşı yerlərdə təqdimatlarının keçirilməsi də nəzərdə tutulub.