Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin icrası 8 fevral tarixində başlanıb. Layihə iki il davam edəcək və büdcəsi 1,2 milyon avro olacaq.
Layihə iki əsas komponentdən ibarətdir: mədəniyyət sektorunun idarə olunması üzrə islahatlar (ümumi strukturun, qanunvericilik bazasının və işçi potensialının yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi) və qeyri-maddi və maddi mədəni irsin idarə olunmasının institusional inkişafı (qeyri-maddi və maddi irsin, muzeylər və kitabxanaların, mədəniyyət evləri və mədəniyyət mərkəzlərinin müasirləşdirilməsi, bir-biri ilə sıx əlaqə şəraitində fəaliyyət imkanının yaradılması).
Fevralın 29-da layihə ilə bağlı nazirlikdə yaradılmış “Mədəniyyət strategiyası və planlaşdırma üzrə işçi qrup”un ilk iclası keçirilib.
Qrupun rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin əhəmiyyəti haqqında danışıb. Bildirib ki, qarşıya qoyulan məqsədlər mədəniyyət sahəsinin inkişafı üçün çox vacibdir və proseslərin əsasında praktiki nəticələrin əldə olunması əsas məqsəddir.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Jeroen Villems layihənin mədəniyyət sahəsinin idarə edilməsində ən qabaqcıl təcrübəyə yiyələnmək və effektiv əməkdaşlığın qurulması baxımından önəmini vurğulayıblar.
Yekunda layihənin yerli müşaviri Alessandro Bianki və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ramil Abbəkirov təqdimat edərək layihənin təfərrüatları və iş bölgüsü haqqında danışıblar.