Fevralın 28-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Nağıl otağı”nda növbəti nağıl saatı təşkil olunub. Kitabxana əməkdaşları kiçikyaşlı oxucularla dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” əsərini müzakirə ediblər.
Əvvəlcə uşaqlar xidmət şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış slaydı izləyiblər, Məhəmməd Füzuli haqqında qısa məlumat verilib. Sonra uşaqlar “Meyvələrin söhbəti” əsərini səhnələşdirilmiş formada təqdim ediblər. Nağıl saatında uşaqlara həmçinin, meyvələrin insan orqanizmi üçün əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, meyvələr dadlı qida olmaqla yanaşı, insan sağlamlığını təmin edən vitaminlərin mənbəyidir.