Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində yerləşən Kral Feysəl məktəbində 8-ci “Beynəlxalq Gün” adlı illik tədbir keçirilib. 40-a yaxın səfirliyin qatıldığı ənənəvi tədbirdə Azərbaycan səfirliyi də artıq dördüncü dəfə iştirak edib.
Səfirlik üçün ayrılmış stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və digər sahələrə dair kitab, buklet, broşür, suvenir, milli geyimlər, habelə Azərbaycanın ən məşhur məkanlarını, təbiətini və müasir Bakının gözəlliyini əks etdirən fotostendlər quraşdırılıb. Həmçinin Azərbaycana dair sənədli film, ölkəmiz haqqında hazırlanmış infoqrafik lövhələr nümayiş etdirilib.
Kral Feysəl məktəbi tərəfindən respublikamızı təmsil etmək üçün ayrılmış şagirdlər ölkəmizin bayrağını və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarının loqosunu özündə əks etdirən köynəkləri geyinərək, tədbirin qonaqlarına Azərbaycanla bağlı məlumatlar verib, onlara kitab, broşür və s. materiallar paylayıblar. Azərbaycan stendi qonaqlar tərəfindən maraqla qarşılanıb.