Martın 17-də Bişkekdə, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında müsəlman Şərqində ilk operanın, operettanın yaradıcısı, Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək.
Bu məsələ Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutovla görüşündə müzakirə olunub. Bildirilib ki, dahi bəstəkarın möhtəşəm əsərlərindən ibarət olacaq qala-konsertdə Qırğızıstanın opera müğənniləri ilə yanaşı, Azərbaycandan da sənətkarlar iştirak edəcəklər.
Görüşdə Azərbaycanla Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. 2017-ci ildə Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçiriləcəyi vurğulanıb.
Görüşdə qırğız şairi Yusif Balasaqunlunun 1000 illik yubileyinin Azərbaycanda keçirilməsi məsələsi də müzakirə olunub.