Novruz tətili günlərində 54 şəhər və rayondan iki minə yaxın məktəbli respublikamızı gəzəcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikanın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın 4-cü mərhələsinə start verilib.

Martın 16-da Naxçıvan məktəblərinin IX-XI siniflərdə təhsil alan 150 şagird, 20 bələdçi-müəllimdən ibarət qrup Bakıya, paytaxtın 12 rayonunun məktəblərini təmsil edən qrup isə muxtar respublikaya səfər edib. Naxçıvanlı məktəblilərin paytaxtla tanışlığı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan başlayıb. Martın 19-dək davam edəcək səyahət proqramına Heydər Əliyev Mərkəzi, Milli Azərbaycan Tarixi, Azərbaycan Milli İncəsənət, Azərbaycan Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanışlıq daxildir. Bu müddətdə paytaxt məktəbliləri də Naxçıvanın tarixi abidələri, görməli yerləri, mədəniyyət müəssisələri, istehsalat sahələri ilə tanış olacaqlar.
Tur-aksiyanın Saatlı, Sabirabad və Neftçala rayonundan olan iştirakçıları Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxıblar. Gəncə qala divarları önündə qarşılanmadan sonra məktəblilər qədim şəhərin tarixi məkanları ilə tanış olublar.
Ağsu, Hacıqabul, Qobustan, Qubadlı, Şuşa, Cəbrayıl, Zəngilan və Füzuli məktəblilərindən ibarət heyət isə şimal bölgəsində səfərdədir. Səfər Şabran rayonunda - qədim şəhər yerinin arxeoloji nümunələri ilə tanışlıqla başlayıb.
Ucar, Yevlax, Zərdab, Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər və Laçın rayonlarından olan tur iştirakçıları martın 16-da Lənkəran-Lerik-Astara marşrutu üzrə ekskursiyaya yola düşüblər. İlk dayanacaq Lənkəran şəhəri olub.
Mingəçevir, Bərdə və Ağcabədi rayonlarından olan qrup isə İsmayıllıya gəlib. Səyahət proqramı İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə davam edəcək.
Qeyd edək ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının bu mərhələsi 16-19 və 24-27 mart tarixində keçiriləcək. Bu müddətdə 54 şəhər və rayondan 1980 nəfər IX-XI sinif şagirdinin Azərbaycanın bölgələrinə səfəri nəzərdə tutulub.
2014-cü ilin avqust ayından bəri keçirilmiş aksiyalar 74 şəhər və rayonu əhatə edib, turlara 5 mindən çox məktəbli qatılıb.