Ötən ay müasir türk kinosunun ən baxımlı filmlərinin Asiya coğrafiyasında keçirilən səyyar film festivalının bir məkanı da Bakı oldu. Azərbaycan tamaşaçısı Cannes, Montpellier, Seul, Pune, Houston, Selanik ve San-Sebestian kimi beynəlxalq festivalların mükafatlarına layiq görülən filmləri seyr etmək imkanı əldə etdilər. Xatırladaq ki, SİNEBİR(Kino Əsəri Sahibləri Məslək Birliyi) ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi bu aksiyaya Xarici İşlər Nazirliyi, TİKA(Türk İşbirliyi və İnkişaf Başqanlığı) və TÜRKSOY(Türk Mədəniyyət və Sənətləri Ortaq İdarəsi) da qatılmışdılar. Festivaldan sonra öz təəssüratlarını bizimlə bölüşən SİNEBİR-in rəhbəri Hüseyn Günəş bildirdi ki, əslində bu tədbiri təşkil etməkdə məqsəd türk dilini türkdilli respublikalarda hamının anlaya biləcəyi ortaq dil anlamına gətirməkdir: «Artıq iki ildir ki, fəaliyyət göstəririk. Təşkilatımız Türkiyədəki rejissorlar, ssenaristlər və film musiqisi bəstələyənlərin birliyidir. Biz çalışmalıyıq ki, ortaq bir dilimiz olsun. Bunun bir yolu da kinodur. Məsələn, Qazaxıstanda olarkən artıq bəzi kəlmələri anlamağa başladıq. Böyük ehtimalla qazaxlar da Türkiyəyə gəldikdən bir həftə sonra türkcə bəzi ortaq kəlmələri anlamağa başlayacaqlar». Gələcəkdə Azərbaycanla iş birliyi qurmağı planlaşdıran SİNEBİR-in rəhbəri bunun qarşılıqlı əməkdaşlıq əsasında mümkünlüyünü bildirir: «İstərdik ki, çox gözəl bir azərbaycanlı aktyor türk kinolarında baş qəhrəmanlarından biri olsun. Bunun üçün təşkilatlanma lazımdır və biz bu istiqamətdə bir addım atdıq. Azərbaycanlı yazar Qurban Səidin «Əli və Nino» adlı çox önəmli bir romanı var və əsər bu günü anladır. Mən onu oxudum və çox bəyəndim. Orda erməninin necə bir mənfur millət olduğunu göstərən məqamlar var. Bundan əlavə, əsərdəki 1915-ci ili əhatə edən hadisələr, Azərbaycan Cümhuriyyətin yaranması, azərbaycanlı oğlanla xristian-gürcü qızın bir-birilərini sevmələri əsəri çox zəngin edir». Əsərdə həm də tarixi faktlar, o cümlədən Ənvər Paşanın Azərbaycana gəlişinin gözlənilməsi, sünni-şiə məsələsi kimi məqamlar Hüseyn Günəşin diqqətini xüsusilə cəlb edib və artıq o, filmin ssenarisini tamamlayıb. SİNEBİR-in yaradıcılarından biri, eyni zamada Türkiyənin ən məşhur və ən intellektual mətbu orqanlarından olan «Yeni Şəfəq» qəzetinin kino yazarı, kino tənqidçisi Ali Murad Guven üçün Azərbaycana gəlmək ikiqat sevinc olub. Belə ki, əslən, Azərbaycandan olan yazarın atası 1934-cü ildə Bakıdan Türkiyəyə köçüb. Özünün dediyi kimi, 74 ildən sonra ilk dəfə ata yurdunu ziyarət imkanı əldə edən Ali Murad Guven özünü olduqca xoşbəxt sayır. Kino jurnalisti kimi Azərbaycanda keçirilən Türk Filmləri Festivalında iştirak etdiyinə görə, də çox sevindiyini deyir. Festival çərçivəsində Bakıda nümayiş etdirilən türk filmlərinə gəlincə, onların çox keyfiyyətli və dünya standartlarına uyğun olduğunu deyən Ali Murad Guven, müəllifi dahi qırğız yazarı olan Çingiz Aytmatovun «Sərvi boylum, al yaylığım» adlı filmi xüsusilə diqqətə çəkdi: «Bu, Türkiyə kinosunda şah əsər hesab olunur və çox gözəl mesajları olan bir filmdir. Digər 9 film isə 2000-ci ilərdə çəkilən çağdaş türk kinolarıdır. Onların arasında dünyanın ən ünlü film festivallarında mükafatlar qazanmış, ödüllər almış filmlər var idi». Bakının gözəlliklərinə heyran olan kino jurnalistində qardaş ölkələrin ortaq filmini çəkmək ideyası yaranıb: «Ağlıma İstanbulda başlayıb, Bakıda davam edəcək macəra filmi gəldi. Filmin iki qəhrəmanı var. Türkiyədən olan polis bir günahkarı axtarmaq üçün Azərbaycana gəlir və ölkənin gizli təşkilatından yardım istəyir. Azərbaycanlı polislə birlikdə günahkarı axtarmağa başlayırlar. Bu arada biz həm İstanbulu, həm də Bakının gözəlliklərini görürük. Mənə elə gəlir ki, Türkiyə və Azərbaycanın birgə film çəkməsi böyük bir proyektdir və artıq bunun zamanı gəlir. Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında müştərək film çəkmək təkcə SİNEBİR-in arzusu deyil. Artıq bu barədə rəsmi sənəd də mövcüddür. Belə ki, bu il Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyənin Kultur-Turizm Bakanlığı arasında birgə film çəkilməsi haqqında niyyət protokolu imzalanıb. Həmin müqaviləyə əsasən 2009-cu ildən iki ölkə arasında birgə filmlərin çəkilməsinə başlanılacaq. Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirinin müavini Nizami Zöhrabinin qənaətincə, öz mədəniyyətimizi, incəsənətimizi Türkiyədə təbliğ etməkdən ötrü Azərbaycan tərəfinin təşəbbüsü olmalıdır: «Qardaş ölkə olmağımıza baxmayaraq, film istehsalında fərqli məqamlar var. Çünki Türkiyə Avropaya daha yaxındır. Ona görə də, onlar daha müasir tələblərə cavab verən filmlər çəkirlər. Bu baxımdan, Türkiyə filmlərinin ölkəmizdə nümayişinin, eləcə də müştərək filmlərin çəkilməsinin Azərbaycan kinosunun inkişafına böyük təsiri ola bilər. Ümid edirik ki, iki qardaş ölkə arasında bu sahədə yaxın əməkdaşlıq qurulacaq». ZÜMRÜD