Rejissorlar arasında Ülviyyə Könül və Rövşən İshaq da var 
   
   2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş veriləcək filmlərin adları artıq məlumdur. Nazirliyin Kino şöbəsinin Milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcovun verdiyi məlumata görə, 2009-cu ildə bir çox maraqlı filmlər çəkiləcək. Beləliklə, istehsalata buraxılacaq layihələr aşağıdakılardır.
  

   «Aktrisa»nın ssenari müəllifi İlqar Fəhmi, rejissoru Rövşən İshaqdır. Film «Pozitiv Media» şirkəti tərəfindən istehsal olunacaq. Qeyd edək ki, «Aktrisa» İlqar Fəhminin eyniadlı əsəri əsasında çəkiləcək.
  
   «İbrus» şirkətində istehsal olunacaq filmin adı «Kabus»dur. Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru tanınmış kinematoqrafçımız Rüstəm İbrahimbəyovdur.  

 «Sınaq Film» prodüser mərkəzində Səidə Vəliyevanın ssenarisi əsasında «Vəkil hekayətləri» filmi istehsal olunacaq. Bu filmə rejissorluğu məşhur klipmeyker Ülviyyə Könül edəcək.
  
   Daha bir filmə isə «Qorxma, mən səninləyəm» filminin rejissoru Yuli Qusman quruluş verəcək. Film «Qorxma, mən səninləyəm-2» adlanacaq. Filmin istehsalı «Azərbaycanfilm» kinostudiyasında nəzərdə tutulur. İki seriyadan ibarət olan filmin ssenari müəllifi də rejissor Y. Qusmanın özüdür.
  
   Şərti adı «Bəşəriyyətin xilası» olan film «24 kadr» şirkətində istehsal olunacaq. Ssenari müəllifi Elmira Şamaxılı olan filmi «Məhkumlar» filminin rejissoru Mehriban Ələkbərzadə ekranlaşdıracaq.
  
   Rusiyanın Sverdlovsk kinostudiyası ilə birgə «Sinema-Pro» şirkəti «ORT» telekanalı üçün «Neft əfsanəsi» adlanacaq 8 seriyalı televiziya filmini istehsal edəcək. Film Tümen neftçisi Fərman Salmanovdan bəhs edəcək. Filmin ssenari müəllifi Olqa Dolqalova, rejissoru Aleksandr Marmotovdur.
  
   Maraqlı layihələrdən biri də «Azərbaycanfilm» kinostudiyasında istehsalı nəzərdə tutulan «Prezident Heydər Əliyev» (şərti adı) filmi olacaq. Qeyd edək ki, 2 seriyadan ibarət olacaq filmin ssenarisi üzərində Ramiz Fətəliyev işləyir. Cəmil Fərəcovun sözlərinə görə, ssenari yaya qədər hazır olacaq.  

İntiqam