“2009-cu il - Bakı İslam Mədəniyyətinin Paytaxtı” çərçivəsində keçiriləcək silsilə tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsi də yaxından iştirak edəcək. Şöbə müdiri Yaşar Əliyev bu silsilədən olacaq tədbirlərin bəziləri haqqında məlumat verdi: “Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Konfransında əsası qoyulmuş “Sənətçilər dialoq naminə” layihəsi çərçivəsində “Şərq-Qərb” Beynəlxalq Rəqs Festivalı keçiriləcək. Layihə çərçivəsində “Şərq-Qərb dünyası uşaqların gözü ilə” beynəlxalq rəsm müsabiqəsinin keçirilməsi, müsabiqənin kataloqunun və CD diskinin hazırlanması da nəzərdə tutulub. Bundan başqa aprel ayında Sankt-Peterburq şəhərində keçiriləcək “Dance Open” balet festivalında Bakı Xoreoqrafiya Məktəbinin tələbələri iştirak ədəcək”. Yaşar müəllim bu il 80 yaşı tamam olan Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” ansamblının Belçikada keçiriləcək Turne festivalına qatılacaqlarını da bildirdi.