Çünki neçə illərdir cəmiyyət onlara baxır
  
   Respublikamız müstəqil olduqdan sonra Azərbaycan dilinə də diqqət artdı. 90-cı illərin ortalarından başlayaraq ölkədə yeni telekanallar fəaliyyətə başladı. Hazırda Bakıda fəaliyyət göstərən 8 telekanalda dövlət dil elan olunmuş Azərbaycan dilində proqramlar yayımlanır. Telekanallarda 2008-ci ilin yanvar ayına qədər rus dilində xarici materiallar verilirdi; bura əsasən seriallar, bədii və sənədli filmlər daxil idi.
  
   Proqramların Azərbaycan dilində yayımlanması zərurətini ilk olaraq bütünlüklə həmin dövrdə dövlət televiziyası statusu daşıyan AzTV yerinə yetirdi. Telekanal bütün proqramlarını Azərbaycan dilində efirə verməyə başladı. Daha sonra ANS telekanalı dublyajını inkişaf etdirdi. Ardınca “Lider” TV şeytanın qıçını sındırdı. Ancaq yuxarıda göstərilən tarixə qədər AzTV-dən başqa digər telekanallar efirlərində rus dilində proqramlar (əsasən ATV və “Space” və onlardan bir qədər az “Lider” və ANS) nümayiş etdirirdiər.
   Nəhayət, Teleradio Şurası bu problemin birdəfəlik həlli üçün ciddi addımlar atdı. Əslində təklif Mədəniyyət və Turizm Nazirliyindən gəldi. Nazirlik filmlərin dövlət reyestrinə alınması məsələsi ilə yanaşı, telekanallarda rus dilində filmlərin nümayiş etdirilməsinə də qadağa qoymağı məsləhət bildi. Teleradio Şurası bu təklifi bəyəndi. Hətta bu qadağanın qüvvəyə minməsi zərurətini diqqətə çatdırdı. Ancaq telekanalların dublyaj imkanlarının məhdudluğunu nəzərə alıb, onlara 2007-ci ilin sonuna qədər vaxt da verildi. Beləliklə, 2008-ci ilin yanvarından etibarən Azərbaycanda fəliyyət göstərən telekanallar əcnəbi dillərdə film və digər materialların nümayişini saxladı. Bu barədə yalnız istisna təşkil edən türk dili oldu. Həmin vaxtlar Teleradio Şurasından bildirilirdi ki, Türkiyə türkcəsinin tərcüməyə ehtiyacı yoxdur. Xüsusi hal olarsa, bu dil də Azərbaycan türkcəsinə uyğunlaşdırıla bilər. Ardınca bir il keçməmiş turk dilində yayıma da qadağa qoyuldu - 2009-cu ilin yanvar ayından. Buna qədər isə telekanallar türk seriallarını yayımlayırdı. Həmin vaxta kimi telekanallarımızda türk dili Azərbaycan dili ilə bərabər səviyyədə səslənirdi. Mədəniyyət və Turizm Nazirliyinin bu işə qarışmasından sonra teleməkanımız tamamilə Azərbaycan dilinə təhvil verildi. Belə qənaətə gəlmək olar ki, təsir amili olmasaydı, telekanallar özləri bu işə ciddi yanaşmazdı. Fakt olaraq bu amil rus dilinə qadağa qoyulduqdan sonra özünü büruzə verdi. Telekanallar efirlərini türk serialları ilə doldurmağa başladı. Nəticədə isə, əlaqədar qurumları məcbur etdilər ki, bu işə də əncam çəksinlər.
   Uzun sürən proseslərdən sonra Azərbaycan telekanallarında (istər paytaxt, istər yerli telekanallar) 2009-cu ildən etibarən dövlət dili öz yerini tapdı. İndi qalıb bu dili inkişaf etdirmək və özəlliyini qorumaq. Bu iş isə telekanallarda hələ tam yerinə yetirilmir. Görünür, telekanallar yenə də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsünü gözləyirlər. Artıq həm vaxtdır, həm də ayıbdır, heç olmasa, bir dəfə telekanallar özlərinə baxıb qüsurlarını aradan qaldırsınlar.  

   İntiqam H.