“Mənim dahi yoldaşlarımın yerini kim tutacaq?”
   
   II yazı
   
   İyulun 13-ü kinooperator, kinorejissor Rasim İsmayılovun (1936-2004) doğum günüdür. Qeyd etdiyimiz kimi, onunla bağlı materiallarımızı (gündəliyindən sətirlər, həyatı və yaradıcılığı barədə məqalələr, digər materiallar və s.) ardıcıl olaraq nəzərinizə çatdırırıq. Bu gün isə rejissorun gündəliyində «Yenilməz batalyon» və «Yeddi oğul istərəm» barədə etdiyi qeydləri sizlərə təqdim edirik:
   
   «Yenilməz batalyon»

   
   Rejissor Seyidzadə ilə Moskvada «Yenilməz batalyon» filmini necə təhvil verdiyimiz barədə satirik povest yazmaq olar. Filmin ilk baxışında SSRİ Dövlət Kino Kollegiyası hamılıqla «əleyhinə» səs verdi: «Bu nədir çəkmisiniz? Leninin milli siyasəti haqqında heç bir təsəvvür yoxdur. Mənfi və müsbət qəhrəmanlar arasında balans gözlənilməyib». Məni absurd fikirlərdən daha çox, onların hansı intonasiya ilə deyildiyi heyrətə salmışdı. Seyidzadə-hədsiz səlahiyyətləri və nüfuzlu mükafatları olan bir klassik idi. Bu yolverilməz ton nədir? Mən əsəbiləşmiş, dilxor olmuşdum. Axşam Hüseyn Əliyeviç məni həyat yoldaşımla birlikdə Kino Evinin restoranına dəvət etdi. Yeni il ərəfəsi idi, biz şəhər kənarına, dostumgilə getməyə hazırlaşırdıq. Lakin onu belə «dramatik» anda tək qoymağa cəsarət etmədim.
   Zəngin stolu, şampanı və üzü işıq saçan Hüseyn Əliyeviçi görəndə çox heyrətləndik. Bir ömürlük kişilik dərsi! O, qədəhini qaldırdı. «Rasim, - qayğıkeş səslə dedi, - sən belə bir film çəkdiyinlə fəxr edəcəksən. Yadında saxla: biz milli şedevr çəkmişik». Səhəri gün Seyidzadə kinematoqrafiya üzrə nazir müavinindən filmin təkrar nümayişi üçün icazə almağa nail oldu. «Leninin milli siyasətinə əsaslanaraq» ittihamların əksəriyyətini (Dəhşət! İdeoloji idarənin redaktorlarının bu siyasətdən xəbərləri yoxmuş) geri qaytardı. Hüseyn Seyidzadə sistemin adamı idi. Onun bütün qaydalarını bilirdi və elə sistemin öz silahı ilə müdafiə olunmağı bacarırdı. Onun proqnozu özünü doğrultdu. «Yenilməz batalyon» milli kinonun qızıl fonduna daxil edildi. Filmin mövcud olduğu qırx şanlı il bunun sübutudur. Və mən şadam ki, onun yaradılmasında iştirak etmişəm.
   
   «Yeddi oğul istərəm»
   
   Ən azından iki səbəbə görə bu filmi çəkməyə dəyərdi: birinci, Yusif Səmədoğlunun Səməd Vurğunun əvəzedilməz əsəri əsasında yazdığı gözəl ssenariyə görə (oxuyan kimi başa düşdüm ki, əsl mənim malımdır), ikinci, əsl peşəkar və böyük yumorist Tofiq Tağızadəyə görə...
   Bir dəfə biz, Qobustanda qəhrəmanların asılmış adam tapdığı epizodu çəkməli idik. Kameralar qurulur. Aktyorlar öz yerlərini tuturlar. Qəflətən məlum olur ki, assistentlər «cəsədi» yaddan çıxarıblar. Rejissor hirsindən dəli oldu: «On beş dəqiqədən sonra «cəsəd» çəkiliş meydançasında sallanmalıdır!» Gecə. Qobustan. Statisti hardan tapaq? Assistentlərdən birini dilə tutduq. Tağızadə kinli-kinli güldü: «Afərin! Mən çoxdan bu yaramazı asmaq istəyirdim».
   …Bu sətirləri «Yeddiliyin» albomunu vərəqləyə-vərəqləyə yazıram. Səhifələrin arasından mənə XX əsrin ikinci yarısındakı Azərbaycan kinosunun ikonaları, dostlarım və həmkarlarım baxırlar: Həsən Məmmədov, Həsən Turabov, Elçin Məmmədov, Şahmar Ələkbərov. Gənc, yaraşıqlı, istedadlı insanlar. O vaxt - premyeranın ertəsi günü onların hamısı yuxudan məşhur adamlar kimi oyanmışdılar. Açıqcaların, təqvimlərin, bukletlərin üzərinə basılmış simaları böyük tirajlarla camaat arasında yayılmışdı. Qaliblərə qızlar vurulurdular, uşaqlar onları təqlid edirdilər, şəkilləri divarları bəzəyirdi. Bizi Lenin komsomolu mükafatıyla təltif etdilər, Respublika Dövlət mükafatı nominantı olduq.
   Vaxt necə tez keçdi... Artıq heyətin yarısı yoxdur. «Yeddi oğul istərəm»in ssenarisi aşağıdakı cümləylə bitirdi: «Bəxtiyar dar küçə ilə gedir. Peykanlıdan çıxanda süvarilərin sayı yeddiyə çatır». Biz artıq prosesi çəkmişdik. Çəkiliş üçün Buzovnanın ensiz küçələrindən birini seçmişdik. Bəxtiyar irəlilədikcə gah bir, gah o biri tindən atlı gənclər çıxır və onun ardınca gedirdilər. Bu filmin ən uzun kadrlarından biri idi. O, real zamanda davam edirdi və çəkilişə lentin bütöv bir kasetini sərf etmişdik.
   İndi bu filmə baxanda, həmin gənclərin öz qəhrəmanlarının ardınca əbədiliyə getdikləri hissi məni tərk etmir. Onların yerini yeni süvarilər, yeni nəsil tutmağa tələsir. Mən öz tələbələrimin üzünə baxıram. Mənim dahi yoldaşlarımın yerini kim tutacaq?
   
   Hazırladı: İntiqam Hacılı