«Azərbaycanfilm» kinostudiyasında artıq bir neçə filmin çəkilişləri sona çatıb. Bu barədə qəzetimizə kinostudiyanın istehsalat şöbəsinin rəisi Çingiz Həsənov məlumat verdi: “Ziyarət”, “İstanbul reysi” və “Buta” filmlərinin çəkilişləri yekunlaşmaq üzrədir: “Ziyarət” filminin yalnız Məkkəylə bağlı müəyyən epizodları qalıb. Yaxın vaxtlarda çəkiliş qrupu Ərəbistana yola düşəcək”. Filmin ssenari müəllifi Yavər Rzayev, rejissoru isə Samir Kərimoğludur. Film iki əks xarakterli-dindar və yüngül həyat tərzi keçirən insanların həyatından bəhs edir. Müxtəlif dünyagörüşə sahib olan bu iki gənc filmin sonunda bir amal uğrunda birləşir. Ç.Həsənovun bildirdiyinə görə, digər film “İstanbul reysi”nin çəkilişləri artıq bitib. Film hazırda səsləndirmə mərhələsindədir, yaxın vaxtlarda təhvil veriləcək. Bu film bir çox mənəvi dəyərlərin aşınmaya məruz qaldığı, cəmiyyətin ayrı-ayrı qütblərində təklənən iki nəfərdən - kişi və qadından bəhs edir. Onlardan biri imkanlı, digəri kasıb olsa da, yalnızlıqlarını bir-biriylə unutmağa çalışır və buna da nail olurlar. Amma sona qədər bu bütövlüyü qoruyub saxlamaq mümkün olmur. Dram janrında çəkilmiş filmin rejissoru Eldar Quliyev, ikinci rejissoru Elman Qasımovdur. Kənan Məmmədovun lentə köçürdüyü “İstanbul reysi”ndə baş rolun ifaçısı aktyor Elşən Rüstəmovdur. Çingiz Həsənov özünün ikinci rejissoru olduğu “Buta” filmi haqqında da danışdı: “Filmin çəkilişlərinə çox qısa zamanda başlamaq üzrədir. İyulun 1-dən filmin hazırlığına başlanılıb. Çəkilişlər əvvəl Şamaxıda, sonra Şəkidə olmalıdır. Artıq çay daşlarından hörülən evlərin, dəyirmançı qocanın (Rafiq Əzimov) evinin tikilməsiylə bağlı sifarişlər verilib. Filmin direktoru Azər Quliyev, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu rəssam Əziz Məmməd, operatoru Georgi Beridzedir”.
   Çingiz müəllim onu da bildirdi ki, yaxın günlərdə müstəqil prodüser mərkəzlərində Mehriban Ələkbərzadənin və Ülviyyə Könülün rejissoru olduğu filmlərin də hazırlıq işlərinə başlanılacaq.
   
   Yeganə