“Leninə məktub” Bəşir Kəsərli haqqında sənədli filmdi. Bəşir Kəsərlini tanıyırsınız. Şairdi. Kitablarını satır. Bəşir Kəsərli həyat və fəaliyyətinin bir çox kitab reklamı, başa düşülməyən dahi, ümumiyyətlə kitab mədəniyyətinin reklamı (bu antireklam da ola bilər) və s. kimi özünəməxsus milli aspektləri var. Yeri gəldikcə, xırdalamaq niyyətindəyik. Görənlər görüb. Bəşir Kəsərli üstünə Qarabağ yazılmış yaylıq bağlayan vətən və sevgi şeirləri ilə bol kitablarını satan bir adamdı. Məzəmmətlərdən və fəsildən asılı olaraq, yaylığını açır. Metro sərnişinlərini kitab oxumamaqda məzəmmət edir. Özünün simasında adamları söyür. İş burasındadır ki, bu andeqraund maarifçinin, patriotun əməlləri və sözləri ən yaxşı halda «psevdovətənpərvərlik» (xalq arasında «özünü gicliyə qoyma») təəssüratı oyadır. Bu da zəmanənin əməlləridir. Bəşir Kəsərlinin gileyləndiyi dünyanın işləridir, başına yaylıq bağlayacaq, özünü söyəcək və öz kitablarını satacaq qədər «dəli», kitablarıyla və həqiqətlərilə yaraqlanmış «sərsəm» qəhrəmanı təlxəyə çevirmək də dünyanın, ona tamaşa edən, film çəkmək istəyən bizlərin işidir.
   Elədiklərinin və dediklərinin məntiqi var. Amma bu məntiq kütlə qabağında şouya çevrilib. Şouda iştirak edən mütləq şou qəhrəmanı olur. Kütlə qəhrəmanlarını yaxşı tanımaq istəyir. Bu tanıtımı Bəşir Kəsərli özü edir. «Buta» film şirkətinin məhsulu olan «Leninə məktub» sənədli filmindən kənarda. Yəni Bəşir Kəsərli haqda sənədli filmi Bəşir Kəsərli özü çəkir. Çoxseriyalı filmin bir seriyası bir metro vaqonunun uzunluğu qədər, bir stansiyadan o birinə qədər… «Leninə məktub» isə bu sənədli filmi bizə bütöv, izləyə bilmədiyimiz seriyaları ilə birgə göstərir. Müsahibəyə hazırlaşan qəhrəman, müsahibə, gün-güzəran, polisdən kitablarla müdafiə, ana məhəbbəti, mərhumiyyətlər, aldanış və s.
   Bəşir Kəsərlinin ruhunu tutmaq rejissor işi deyil. Əvvəla, guya bu, havalıdı, yəni ruhu yerindən oynayıb, sonra da əgər havalı deyilsə belə, özünü «dəliliyə qoyub» və bu, havalı olmaqdan da pisdi, belədə onun ruhunu nəinki rejissor, heç Bəşir Kəsərli özü də tuta bilmir. Sənədli filmə bəndənizin qoyduğu tələblərdən biri də reallığın içində qəhrəmanın ruhunu tutmaq kimi qəliz bir məsələdir. «Leninə məktub»sa Bəşiri danışdırır və kadrları bir-birinə calayır. Hərçənd baxımlıdır. Vaqondakı canlı film qədər. Bəşir Kəsərli öz kitablarını satmaqla heyrətləndirdiyi adamları məzəmmətə keçir: «Mənim telefonlu xalqım! Əli qəzet-jurnal, kitab görməyən xalqım. Saqqallı uşaqlar. Bioloji varlıqlar… Məni oxumayın ey, ay bədbəxtlər, Mirzə Şəfini oxuyun…». Yeri gəlmişkən, Bəşir Kəsərlinin şeirləri də həyatın dibinə düşmüşlərə - bazar əhlinə, gün-güzəran qulluqçularına, fəqir-füqəraya yönəlib; dünyadan gileylənən xitablarla. «Qara camaat»a belə, sadə, aşıqsayağı, dünyadan gileyli, mərd-namərd dualistikası olan fəlsəfə lazımdır ki, yaşaya bilsin. Ona görə də onların qəhrəmanı Bəşir Kəsərlidir.
   «Leninə məktub» filmi sanki qəhrəmanın qonşuluğunda birisinin müşahidələri, hal-əhval tutmasıdır. Bəşir Kəsərli rejissora «Tehran 43» filminə çəkilməyindən danışır. Sənədli filmin rejissoru da diribaş tərpənib həmin filmi tapıb gətirir. Amma Bəşiri filmdə göstərmirlər ki, göstərmirlər. Əvvəlcə rejissor Alovun qarasına deyinən Bəşir Kəsərli sonra çox güman ki, oradaca uydurduğu Naumovun mərdiməzarlığını söyür. Söyüş ürpəndirmir ki, adamı. Axı bu dünyanın - «andeqraund» camaatın, dibdəkilərin ən mühüm həyat, reallıq, səmimiyyət elementi söyüşdür. Politkorrektlik istedadca Bəşirdən bir qırıq da artıq olmayan «Jeep» maşını sürən şairlərin işidir. Bəşir Kəsərli onların tayı deyil. Film boyu rejissorun da tük qədər incə provokasiyasını hiss edirsən. Bu, filmin xeyrinə işləyir.
   Bəşir Kəsərlidən poemasının çapı üçün qoyun istəyirlər. Adam gətirir. Poemasa çıxmır. Soruşanda, «qoyun öldu» deyirlər. Absurd komediya. O da Leninə məktub yazır. Filmin adını «Leninə məktub» qoyurlar. Janrını təyin etmədiklərindən, Bəşirin ruhu itib-batır. O, absurd qəhrəman üçün çox realdı, realist üçün çox romantikdir, romantik üçün artıq dərəcədə çoxbilmişdir, faciə qəhrəmanı üçün çox gülməlidir, komediya üçünsə bir az ağlamalıdır. Bu nədirsə, daha çox milli janrdır. O, əsl milli ara şairi kimi özünü öyür, özünə yazığı gəlir, «dahiliyini» bilir və göstərir, bundan fəxr duyur və Leninə məktub yazır. Bir az proletardır, bir az «elitar», bir az da mikroavtoritar, azacıq da Narsiss. Qəribə də olsa, bu göydəndüşmə montajlar sadalananları ardıcıllıqla təkzib edir. Filmdə Leninə yazılan məktub oxunmur. Bəşir Kəsərli obrazı psevdobəşirin arasında itib batır… Filmin rejissorları Orxan Ağazadə, İlkin İmanov, prodüseri isə İlqar Nəcəfdir. «Buta» film şirkətində istehsal olunub.
   Xatırladaq ki, «Buta Film» kinoşirkəti yarandığı gündən etibarən paralel olaraq müxtəlif növ audio-vizual məhsulların müstəqil və müştərək istehsalı ilə məşğul olur. Yarandığı vaxtdan bu günə kimi şirkət «Sirat körpüsü» (bədii; rej. S.Kərimoğlu), «Altıaylıq» (sənədli; rej. M.Ağazadə), «Teatral həyat» (bədii; rej: İ.Nəcəf), «Leninə məktub» (sənədli; rej. O.Ağazadə) və s. filmlərini istehsal edib. Həmçinin «Ev» (bədii; rej. A.Rüstəmov), «Düyün» (bədii; rej. Ə.Cabbarov), «Yalançılar» (bədii; rej. Ə.Əliyev) filmləri də «Buta Film»in texniki dəstəyilə ərsəyə gəlib.
   
   Aliyə