Bu sözün müəllifi Luis Bünüelin filimlərinə baxarkən ilk növbədə onun yaradıcılıq dövrünə xas ənənəvi standart ölçülərin bu filmlərdə tamamilə pozulduğunu görürük. Bünüelin bir filminə baxan tamaşaçı onun başqa bir filminin hər hansı fraqmentinə ilk dəfə baxarkən belə onun Bünüelə məxsus olduğunu anlayır. Başqa sözlə, onun bütünlüklə yaradıcılığını nəzərdən keçirərkən filimdən filmə heç də böyük dəyişiklik etmədiyini görərik. Fikrimcə, Bünüelin bir filmini təhlil etmək bütün yaradıcılığını təhlil etmək kimi bir şeydir. Ayrı-ayrı təhlil edərkən yalnız təkrar-təkrar məsələlərə toxunmaq lazım gələcək.
  
   Bu baxımdan Bünüelin filmlərində qurduğu-yaratdığı dünyadan söz açmaq fikrindəyəm.
   Bünüel filmlərində yaratdığı dünyanı real dünyadan, sanki qəsdən kəskin surətdə fərqləndirir. Onun toxunduğu başlıca mövzu nədir? O, filmlərində real dünyanın göründüyü kimi olmamasını, hər yerdə, hər şeydə sanki sünilik olduğunu deməyə çalışır. O, hətta rəsmi fəaliyyətin, insanların, cəmiyyətin öyrətdiyi kimi görüşmələrini, salamlaşmalarını, hətta rəsmi geyinmələrinin belə sadəcə gözdən pərdə asdığını nəzərə çarpdırır. Misal üçün, filmlərinin birinin kiçik bir hissəsinə nəzər salaq. Rəsmi geyimli bir neçə şəxs bir-biri ilə çox etik qaydada görüşürlər, kişilər qadınların əlini öpür, onlara qarşı diqqətli olduğunu göstərirlər. Rejissor bütün bu əxlaq normalarının, rəsmiyyətliliyin arxasında maraqların durduğunu və bunun təbiətdən gəlmədiyini bizə çatdırmaq üçün özlərini mədəni aparan rəsmi görkəmli şəxsləri soyunduraraq unitazın üstündə əyləşdirir. Belə vəziyyətdə rəsmi söhbətlər apartdırır. Hətta hər zaman gigiyenik şəraiti qorunan, ağ dəsmallar, çəngəl-bıçaqla yeyilən və bunun özü illərdən bəri formalaşan, qanuniləşən, rəsmiləşən nahar belə tualetdə aparılır. Başqa bir misal. Yenə də nahar. Qonaqlar səssiz, qaranlıq otağa nahara dəvət olunur. Hamı əyləşib stol başına. Adəti üzrə nahar etdikləri vaxt işıqlar yanır və süfrə başındakılar özlərinin teatr səhnəsində olduğunu görürlər, tamaşa zalındakıların alqışları və s. Bununla müəllif bizə deyir, ey şəxs, ey insan, nahar zamanı sən etik qaydalara ona görə əməl etmirsən ki, guya bu belə olmalıdır və ya təbiətin qanunauyğunluğudur. Yox, sən bunu özün üçün oynayırsan. Sənin bütün bu qaydaların sünidir, özün tərəfindən quraşdırılıb. Sən saf anadan olduğun kimi, təbii deyilsən. Ümumiyyətlə, Bünüelin filmləri, sadəcə, onun marağından yaranmış ekran əsərləridir.
   Digər tərəfdən, rejissor bu cəfəngiyyat, heç bir əsası olmayan fikirlərdən bəhs edən filmlərin baxımlı olması üçün kantrapunkt elementindən məharətlə istifadə edib. Misal. “Azadlıq kabusu”ndan bir səhnəni yada salaq. Hotel. Bir-birinə bitişik otaqlarda müxtəlif insanlar. Biri çalıb oxuyur, o birinə bu səs mane olur. Belə bir mühitdə keşişlər taxta pilləkənlə onlara ayrılmış otağa qalxırlar. Keşişlər ayaqlarını çox ağır-ağır sanki qəsdən yerə iz salmaq kimi qoyaraq addımlayır. Taxta döşəmənin səssiz fonda cırıltısı. Keşişlər “ağır otur, batman gəl” timsalında ağayana, özündə mənəvi təmizliyi, sakitliyi daşıyan bir insan kimi otaqlarına daxil olur. Bütün görüntü tamaşaçıda əyləncədən kənar keşiş mühitini formalaşdırar-formalaşdırmaz, qəfildən iri planda stol. Üstündə yarımçıq araq şüşəsi, külqabı, siqaret tüstüsü, əllərdə kart, kamera geriyə doğru hərəkət edir. Ümumi planda araqdan gözləri alacalanmış keşişlərin eyş-işrətlə məşğul olduğunu görürük... Başqa bir fraqmentdə can üstündə olan xəstənin keşişdən vaxtilə etdiyi pisliklərinə görə onu bağışlamasını, günahlarının yuyulmasını xahiş edir. Keşiş fikirli-fikirli, çox sakit tərzdə xəstədən aralanır. Sifəti tutqundur, sanki xəstənin halına acıyır. Lakin yenə də təsvir olunan ab-havanın əksi, gözlənilməzlik. O, silahı götürüb xəstəyə atəş açır. Və soyuqqanlılıqla deyir: “Günahını bağışladım”. Bu cür gözlənilməz kinofəndlər Bünüelin filmlərinə xas olan cəhətdir.
   Bünüel eyni zamanda öz filmlərində dinin cəmiyyətə diktə etdiyi bir sıra ehkamların əsassız olduğunu sübut etməyə çalışır. Daha doğrusu, hər bir dindarın, hər bir sadə xristianın - yəni hər bir insanın daxilində xeyir qüvvələrlə şər qüvvələrin eyni ölçüdə olduğu halda, dinin şərtlərini tam şəkildə yerinə yetirdiyinə şübhə ilə yanaşır. Bünüel insanın dinin şərtlərini, eləcə də cəmiyyətin şərtlərini yalnız görüntü şəklində yerinə yetirdiyini iddia edir. Bünüel demək olar ki, əksər filmlərində bu tip məsələlərə toxunur. Adama elə gəlir ki, sanki Bünüel sənətə tamaşaçıya bunları anlatmaq istəyi ilə gəlib. Əslində bu, heç də belə deyil. Onun «Səhra keşişi» filminə nəzər salaq. Filmin əvvəlində keşiş kimsəsiz qalmaq, bununla da Allaha yaxın olub dualarını oxumaq üçün hündür bir yerə çıxır. Bütün film boyu onu yolundan ayırmaq istəyən daxilindəki şeytani qüvvə ilə mübərizə aparır. Filmin sonunda əvvəldən saçlı-saqqallı dindar kimi tanıdığımız qəhrəmanı üz-gözü taraşlanmış, müasir geyimdə, barda görürük.
   Başqa bir filmində Bünüel bir xeyli insanın bayıra çıxışı bilinmiyən otaqda binanın xaricinə çıxış yolunu insanların tapmadığını göstərir. Filmin sonunda bu çıxış yolunu insanların deyil, qoyunların tapması yenə də rejissorun insanların ağılsız olduğunu deyil, onların olduğu kimi görünməməsini bizə çatdırmaq cəhdindən irəli gəlir. Qoyunlar isə olduğu kimi görünür. Onlar insandan fərqli olaraq, cəmiyyətin standartlaşdırma təzyiqindən - müdaxiləsindən kənar məxluqdur. Yəni necə yaranıbsa, sonadək elə də qalır. Bu məxluqlar insandan fərqli olaraq, bir sıra estetik ölçüləri - paxıllıq, alçaqlıq kimi dəyərləri özündə daşımır. Onlar safdılar. Məhz bu baxımdan rejissor filmin sonunu qoyunların kilsəyə daxil olmaları ilə qurtarır.
   Əlbəttə, bütün bunlar Bünüelin uydurmasıdır. Bütün bunlar Bünüelin insanlara, insan cəmiyyətinə, başqa məxluqlara, ümumiyyətlə, dünyaya baxışıdı. Məhz Bünüeli başqalarından fərqləndirən də bu qeyri-adi cəfəngiyyat baxışlarıdır. O, fərqlidi və fikrimcə, qəbuledilməzdir…
  
   Hüseyn Rəhimov