Rejissor Fariz Əhmədov və Nərgiz Bağırzadənin çəkdikləri “Bir addım” qısametrajlı filmi sentyabrın 21-dən 28-dək Batumidə keçiriləcək beynəlxalq kinofestivalda nümayiş etdiriləcəkdir.
   Film “Bu meydan, bu ekran-2008” qısametrajlı filmlər müsabiqəsinin qalibi olan “İmper qrup” prodüser mərkəzi tərəfindən çəkilmişdir.
   Filmin ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, operatoru Tanrıverdi Tanrıverdiyev, rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyevdir. Rolları aktyorlar Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova oynamışlar.
   Filmdə Qarabağ müharibəsində kor olmuş Yusifin yaşamaqdan təngə gələrək, özünə qəsd etmək istəməsindən bəhs olunur. Lakin Nisə adlı mələk-qız onu bu yoldan döndərərək həyata qaytarır və yaşamağın nə qədər şirin olduğunu sübut edir. Nisə əri Yusifin gözlərində cərrahiyyə əməliyyatı aparılması üçün pul tapsa da, o, hətta öz korluğunu itirmək belə istəmir.