Rusiya Federasiyasının baş naziri Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı) (ŞƏT) ölkələrinə təklif edib ki, "Beş ulduz" musiqi müsabiqəsinə qoşulsunlar və bu yarışmanın adını dəyişib "İntervision" qoysunlar.
   
   Baş nazir Rusiya və Asiya arasında mədəni mübadilə məsələsinə bu təşkilata daxil olan ölkələrin Pekin görüşündə münasibət bildirib. V.Putin "müasir mahnı ifaçılarının beynəlxalq müsabiqəsini" təşkil etməklə əlaqələri möhkəmlədirməyi təklif edib. O həm də xatırladıb ki, bu məsələ hələ aprel ayında ŞƏT ölkələri mədəniyyət nazirlərinin Kazan görüşündə qaldırılmışdı.
   Vladimir Putinin dediyinə görə, bu müsabiqədə yalnız ŞƏT ölkələri iştirak edə bilər. Yəni Rusiya təmsilçiləri ilə yanaşı, Çin, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan müğənniləri yeni yarışda məharətlərini sınaya bilərlər. Yeri gəlmişkən, Hindistan, İran, Monqolustan və Pakistan bu qurumun müşahidəçi üzvü sayılırlar.
   Lakin sözügedən yarışmaya təklif edilən "İntervision" ismi onun cəmi 5 və ya 9 ölkə çərçivəsinə sığmayacağından xəbər verir. Hətta bu yarışmanın yaxın gələcəkdə Avropanın ən populyar "Eurovision" musiqi televizya müsabiqəsi ilə rəqabət aparacağı da güman edilir.
   Xatırladaq ki, 2008-ci ilin avqustunda Soçidə Rusiyanın I kanalının dördüncü dəfə keçirdiyi "Beş ulduz" musiqi müsabiqəsi elə beynəlxlaq səviyyəli sənət yarışı kimi qiymətləndirilmişdi. Müsabiqənin formatı dəyişdirildiyindən "Beş ulduz"a Qazaxıstan, Qırğızıstan, Belarus, Ukrayna, Azərbaycan, Tacikistan, Moldova, Latviya və Ermənistan təmsilçiləri də qatılmışdılar.
   Bundan başqa, müsabiqə şərtlərinə "Eurovision"dan götürülən bir qayda da tətbiq edilib: hər yeni müsabiqə ötənilki qalibin vətənində keçirilməlidir. Bu ilin payızına salınan, amma dəqiq vaxtı bilinməyən "Beş ulduz", ötənilki qalib Təhminak Niyazovanın təmsil etdiyi Tacikistanın paytaxtı Düşənbədə baş tutacaq.    

  Gülcahan