Təkcə sənətkarların yox, ayrı-ayrı sənət sahələrinin də öz taleyi var. Məsələn, heç bir zaman rəssam və heykəltəraş, müğənni və ya kino aktyoru qədər populyar olmur. Amma rəssamın da, heykəltəraşın da yaratdıqları barbarların cənginə keçib məhv olmasa, müğənninin, aktyorun sənətindən daha uzun ömür yaşayır.
   
   Azərbaycanın Əməkdar rəssamı, tanınmış heykəltəraş Kamal Ələkbərovun yaratdığı əsərlər neçə-neçə park və xiyabana yaraşıq verir, muzeylərə baş çəkənlərin gözünü-könlünü oxşayır. Həmin abidələri, heykəlləri görənlərin çoxu diqqətçəkən bu sənət nümunələrini bəyənsə də, müəllifi ilə nadir hallarda maraqlanarlar. Məsələn, elə bizim qəzetimizin yerləşdiyi «Azərbaycanfilm» kinostudiyasının ərazisində, əsas binanın qarşısında qoyulmuş Cəfər Cabbarlının heykəli illərdir ki, öz maraqlı kompozisiyası ilə diqqəti cəlb edir. Böyük dramaturqun heykəlinin postamentində həkk olunmuş qəhrəmanlarına da əsas heykəldən az baxılmır. Olsun ki, heykəlin qoyulduğu vaxtdan sonra bu binaya yolu düşənlər yox, hətta burada çalışanların da çoxu onun müəllifinin kimliyini öyrənməyə cəhd göstərməyiblər. Bu da təsviri sənət sahəsində çalışanların alın yazısıdır: onların yaratdığı əsərlər öz ömrünü müəllifindən ayrıca davam etdirir.
   Elə biz də həmin müəlliflərdən birini, respublikanın Əməkdar rəssamı Kamal Ələkbərovu xatırlayırıq.
   Onun həm monumental abidələri, həm də dəzgah heykəltəraşlığı istiqamətində yaratdığı portretlər öz dinamizmi, mənalı ifadə tərzi ilə seçilir. Heykəltəraşın həm öz müasiri olan qəhrəmanlarına, həm də tarixi şəxsiyyətlərə münasibətində bir oxşar məqam var: obrazını yaratdığı konkret şəxsiyyətin düşüncələrini, duyğularını ən möhkəm, ən sərt materiallarda belə çatdırmaq. Bu baxımdan Kamal Ələkbərovun görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 850 illiyi ilə münasibətilə düzəltdiyi heykəl zamanında çox maraqla qarşılanmışdı. Naxçıvanda, böyük memarın vətənində ucaldılacaq abidəsini düzəltmək müasirlərin, ən azı fotoşəkilləri qalan insanların portretini yaratmaqdan qat-qat çətin idi. Ümumiyyətlə, hər hansı tarixi şəxsiyyətin istər ədəbi, istər təsviri obrazını yaratmaq sənətkardan həm də elmin ən müxtəlif sahələrinə dair konkret tarixi bilik, güclü fantaziya tələb edir. O zaman, bu gün bizim ötən əsr kimi baxdığımız XX əsrin yetmişinci illərində Kamal Ələkbərovun «Əbubəkr Əcəmi Naxçıvani» heykəli çox maraqla qarşılanmışdı. Müəllif 1976-cı ildə o zamankı «Ədəbiyyat və incəsənət» qəzetinə müsahibəsində öz qəhrəmanı ilə bağlı fikirlərini belə bölüşmüşdü: «Deyirlər ki, bəzən sənətkarların şəxsiyyəti ilə əsərləri arasında fərq olur. Mən bu fikirlə qətiyyən razı deyiləm. İnana bilmirəm ki, gözəl, parlaq əsər yaradan sənətkar cılız ürəyin, natamam xarakterin sahibi olsun. Özü də Əcəmi Naxçıvani kimi dahi bir memar!
   Əslində Kamal müəllim bu müsahibəsində təkcə obrazını yaratdığı Əcəmi Naxçıvani barədə yox, həm də özü haqqında danışmışdı: «İnana bilmirəm ki, gözəl, parlaq əsər yaradan sənətkar cılız ürəyin, natamam xarakterin sahibi olsun». Bu fikri söyləyən şəxsin özü də söylədiyi kimi idi: gözəl, parlaq əsərlər yaradan böyük ürək və bütöv xarakter sahibi! Kamal müəllimi tanıyanlar, onunla birlikdə çalışanlar, qismətinə onun tələbəsi olmaq yazılmış həmkarları bu fikri təsdiqləyərlər. Kamal müəllimin həyat yoldaşı, tanınmış uşaq həkimi Gülər xanım onun haqqında deyir: «Kamal ömründə kimsədən bir təmənna ummadı. Hər kəsə çox mehribanlıqla yanaşardı: uşağa da, böyüyə də. Onun üçün söhbətləşdiyi insanın vəzifəsi, savadı vacib deyildi - təki öz fikri, hadisələrə öz münasibəti olan insan olsun. Evimiz həmişə qonaq-qaralı olub. Ad günlərində, bayramlarda heç vaxt darıxmamışıq, tək olmamışıq. Kamal bircə kərə də olsun, hansı qonağın hansı hədiyyəni gətirdiyi ilə, həmin hədiyyənin qiyməti ilə maraqlanmadı. Ümumiyyətlə, təmənnasız adam idi. Heç yadımdan çıxmaz. Bir dəfə Kamalın tələbələrindən biri ona bir büküm Şəki paxlavası gətirir. Kamal isə həmin tələbə qızı hamının qarşısında danlayır ki, mənim rüşvət aldığımı nə vaxt görmüsünüz? Apar ver kafedradakı laborantlara, çay içəndə yeyərlər. O, bu qədər saf, təmiz adam idi. Hətta adi bir şirniyyatı da rüşvət kimi qəbul edərdi».
   Heykəltəraşlar, xüsusilə də monumental abidələr işləyənlərin yaradıcılıq tempi, uğurları daha çox dövlət sifarişindən asılıdır. Kamal Ələkbərov da öz sənət ömrü boyu neçə-neçə belə yüksək səviyyəli sifarişi uğurla yerinə yetirib. Elə sifariş olub ki, ona ağır əmək, aylarla vaxt sərf etmək lazım gəlib. Həmin abidənin ucaldılacağı bölgələrə dəfələrlə səfər etməli olub. Yeri gələndə, həmin abidənin qoyulacağı məkanın ümumi memarlıq kompozisiyasına uyğun öz yaradıcılıq istəyinə düzəlişlər də etməli olub. Amma bu gün biz Kamal Ələkbərovun iki belə möhtəşəm abidəsini görməkdən məhrumuq. Bakıda Yasamal rayonunda bir zaman inqilabçı, sovet dövlət və partiya xadimi Qəzənfər Musabəyovun adını daşıyan parkdakı abidəsi daha yerində yoxdur. Həmin park yenə də var, çox gözəl də abadlaşdırılıb, amma indi nə həmin adı daşıyır, nə də abidə oradadır. Bəzən abidələrin ucaldılması kimi götürülməsi də daha çox zamanın sifarişi olur.
   İkinci abidənin isə taleyi bambaşqadır. Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə həsr edilmiş 18 metrlik «Ana» abidəsi Kamal müəllimin doğma yurdunda, Füzulidə qoyulmuşdu. Kədərini içinə sığışdırsa da, qamətini əyməyən ümumiləşdirilmiş ana obrazı illərdir ki, başqa bir müharibənin, erməni vandalizminin qurbanı olub. Bu sətirləri yazarkən düşünürəm ki, görəsən, Kamal müəllimlə şəxsən söhbət etmək şansım olsaydı, ondan bunları soruşardım? Yəqin ki, yox. Sözsüz ki, söhbətimizin əsas mövzusu yaradıcılıqdan, sənətdən, Azərbaycan milli heykəltəraşlıq sənətinin keçdiyi inkişaf yolundan, iştirak etdiyi müxtəlif səviyyəli sərgilərdən, tələbələrindən olardı. Həyat eşqi güclü, yaradıcılıq təxəyyülü tükənməz olan sənətkarlar bu barədə danışmağı xoşlayırlar.
   
   Gülcahan Mirməmməd