Ölkəmiz Dünya Təsviri İncəsənət Sərgisində iştirak edir
   
   İtaliyanın Venesiya şəhərində növbəti Dünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesi işə başlayıb. İyunun 1-də dünyanın bu nüfuzlu sənət sərgisində Azərbaycan pavilyonunun açılışı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva açılış mərasimində iştirak edib.
   
   Venesiya Biennalesi müasir dünya incəsənətində ən nüfuzlu və mötəbər bir sərgidir. Noyabr ayına qədər davam edəcək bu sərgidə 100-ə yaxın ölkə öz pavilyonları ilə iştirak edəcək. Azərbaycan artıq 3-cü dəfədir ki, Venesiya Biennalesinə qatılır.
   54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarının birində, məşhur Realto körpüsü yaxınlığındakı Qrand kanalın üzərində XV əsrdə ucaldılan Benzon sarayında yerləşir. Bu il Azərbaycan pavilyonu “Relational, of Baku” (“Bakıya məxsus”) şüarı altında çıxış edir. Azərbaycanı Dünya Təsviri İncəsənət Sərgisində altı rəssam - Altay Sadıqzadə, Mikayıl Əbdürrəhmanov, Aydan Salahova, Zeyqəm Əzizov, Xanlar Qasımov və Ağa Hüseynov təmsil edirlər. Bu fırça ustalarının əsərləri müasir incəsənət vasitəsilə Azərbaycan insanının xarakterini Qərb tamaşaçısına çatdırmaq baxımından əvəzolunmaz fürsətdir.
   Builki Venesiya Biennalesinin mövzusu və konsepsiyası “ILLUMİnations”, yəni “millətlərin işığı” kimi səslənir. Modernist rəssamlarımızın əsərləri müasir incəsənətin imkanları vasitəsilə Qərb tamaşaçısında paytaxtımızın qədim və müasir görkəmi, ölkəmiz, burada yaşayan insanlarımız haqqında zəngin təəssürat yaradır. Realist çalarlarla, fərqli forma və rənglərlə diqqət çəkən bu yaradıcılıq nümunələri ilk baxışdan bir qədər sərt görünsə də, əslində heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə diqqəti cəlb edir. Sərginin zəngin toplusu bu müasir sənətin xüsusiyyətlərinin açıqlanmasına imkan verir.
   Həqiqətən parlaq və orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri özəlliyi ilə seçilir. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açır. Sərgidəki əsərlərdə daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə texnologiyası tətbiq edilib.
   Venesiya Biennalesində Azərbaycan pavilyonu bir daha təsdiqləyir ki, müasir incəsənət əsərlərində müəlliflər yeni obrazlar axtarmaqla yanaşı, həm də onların yeni ifadə formaları üzərində çalışır. Bu sahədə əsər yaradan hər bir fırça ustası seçdiyi mövzu haqqında ən dolğun məlumat vermək üçün özünəməxsus ifadə üsullarından istifadə edir. Müasir incəsənət üslubunu seçənlər əsərləri ilə tamaşaçını dialoqa, diskussiyaya çağırırlar. Çünki müasir incəsənətin ən parlaq aspekti onun qeyri-müəyyənliyidir.
   Sərgiyə gələnlər tükənməz təsir bağışlayan əsərlərə böyük maraqla baxdılar və bir daha Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi oldular.
   Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də bir reallığı təsdiq etdi ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkara hər zaman böyük diqqət olub. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm olaraq həyata keçirilən tədbirlər də bu reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən birinə çevirib.
   Sərgidə Azərbaycan pavilyonun açılışı xarici kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində oldu. Bir sözlə, Venesiya Biennalesindəki pavilyonumuz öz maraqlı formatı və qeyri-adi əsərləri ilə diqqət çəkdi. Parlaq və orijinal ideyaların vəhdətindən ərsəyə gələn bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verdi. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir arada təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları tamaşaçılarda böyük maraq doğurdu.