Müasir İncəsənət Muzeyində istedadlı rəssam Məlik Ağamalovun son dövrlərdə çəkdiyi rəsm əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub. Sərgi Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə təşkil edilib.
   Açılışda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Məlik Ağamalovun Azərbaycanın rəssamlıq sənətində özünəməxsus yeri olduğunu, sənətkarın əsərlərində fərdi dünyagörüşü modelini yaratdığını vurğulayıblar.
   Məlik Ağamalov Azərbaycanın müasir incəsənətinin “intellektual qanadı”nın əsas simalarından hesab olunur. Bədii üsullardan geniş şəkildə istifadə edən konseptualist rəssamın əsərləri Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində nümayiş etdirilib. Rəssamın fərdi sərgisi yanvarın 13-dək ziyarətçilər üçün açıq olacaq.