“Həmişə çalışmışıq ki, yaşadığımız ölkədə vətənimizin adını uca tutaq”

Tanınmış rəssam, Hollandiyada yaşayan soydaşımız Rasim Hüseynov 1964-cü ildə Bakının Zirə qəsəbəsində anadan olub. 1984-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1992-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. 1999-cu ildən ailəsi ilə Hollandiyaya köçüb.
Xanımı Vəfa Rüstəmova da rəssamdır. Onlar bir yerdə təhsil alıblar və eyni vaxtda sərgilərdə iştirak etməyə başlayıblar. 2000-ci ildən isə Hollandiyada 70-dən çox fərdi və birgə sərgilərdə iştirak ediblər. Əsərləri maraqla qarşılanıb, yaratdıqları milli obrazlar yabançı sənətsevərləri heyrətləndirib.
Bu illər onların yaddaşında xoş xatirələrlə yadda qalıb. R.Hüseynov danışır: “2001-ci ilin yanvarında Hollandiyanın Draxten şəhərində həyat yoldaşımla birgə sərgimiz oldu. Onun əsərlərindən birinin alıcısı konservatoriya müəlliməsi idi. Demə, o, bizim azərbaycanlı olduğumuzu biləndən sonra internetdə ölkəmizlə maraqlanıb, mədəniyyətimiz, tariximiz haqqında geniş bilgi əldə edib. O, əsərlərimizdəki milliliyin, özünəməxsusluğun haradan gəldiyini öyrəndiyi üçün çox sevinirdi”.
Müsahibim deyir ki, ən böyük layihələrdən biri 2004-cü ildə Amsterdam, Haaqa və Utrext şəhərlərində keçirilən, ayrı-ayrı ölkələrdən olan 32 rəssamın iştirak etdiyi sərgi olub: “Münsiflər heyəti əsərlərə baxandan sonra sərginin adını “Azərbaycandan Stadskanaala kimi” qoydular. Hər rəssamın əsəri üçün ayrılıqda 700-dən artıq afişa buraxıldı və bütün afişalarda sərginin adı yazıldı. Bu afişalar ölkə parlamentinə, diplomatik korpuslara göndərildi, yuxarıda adları çəkilən şəhərlərdə üç ay ərzində reklam lövhələrinə vuruldu. Açılış günü həyat yoldaşımla sərgi salonuna daxil olanda kurator Herman Difendal bizi göstərərək mikrofonla dedi: “Baxın, “Azərbaycandan Stadskanaala kimi” bunlardır”. Sevincimizin həddi-hüdudu yox idi. O zaman biz Stadskanaal şəhərində yaşayırdıq. Bu ərəfədə şəhər merindən də təşəkkür məktubu aldıq. Həmişə çalışmışıq ki, yaşadığımız ölkədə vətənimizin adını uca tutaq”.
R.Hüseynovun əsərlərindəki milli özünəməxsusluq ilk baxışda diqqəti cəlb edir. Müsahibim bunu yurdumuzdan uzaqda yaşasa da, hər zaman Azərbaycana və onun dəyərlərinə bağlılığı ilə izah edir.
Soydaşımız 2008-ci ildən Boxtel şəhərindəki Sintlucas adına Dizayn İnstitutunda rəssamlıqdan dərs deyir. O, bu illərdə iki dəfə çalışdığı institutda sərgi keçirib və maraqla qarşılanıb.
2015-ci il dekabrın 13-də Hollandiyanın Haarlem şəhərində R.Hüseynovun fərdi sərgisi açılıb. Mərasimdə Azərbaycanın Niderland Krallığındakı səfiri Mirhəmzə Əfəndiyev iştirak edib. Yerli tamaşaçılar əsərləri maraqla qarşılayıblar. Sərgi bu ilin mart ayına qədər davam edəcək.
Hazırda R.Hüseynov yeni əsərlər üzərində çalışır, bədii axtarışlarını davam etdirir.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar