Dünən Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda Ənvər Seyidovun “Gürzə” kitabı oxucuların ixtiyarına verildi. Nəşr “Qızıl Qələm” və “Qızıl Qılınc” mükafatlarına layiq görülən müəllifin “Təlatüm” kitabının davamı kimi də xarakterizə olunur. Mərasimdə yazıçılar, şairlər, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Onu da qeyd edək ki, “Təlatüm” və “Gürzə” romanları əsasında televiziya filmləri də çəkilib. “Gürzə” romanında gənc Həsənağa və onun valideynlərinin başına gətirilən faciələrdən bəhs olunur. Tədbiri Gənclər Şurasının sədri Elçin Hüseynbəyli açaraq, müasir ədəbiyyatşünaslıqda özünəməxsus yeri olan əsərlərin oxucular tərəfindən maraqla qarşılandığını dedi.
   «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid isə əsərdə toxunulan mövzunun cəmiyyətdə baş verənlərlə səsləşdiyini və ona görə də özünə geniş oxucu auditoriyası qazandığını vurğuladı.
   Təqdimatda “Gürzə” filmində əsas rolların ifaçıları- xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər-Rafiq Hüseynov, Mehriban Xanlarova və başqaları da iştirak edirdilər.   

ELMİN