Xəbər verildiyi kimi, Muzey Mərkəzinin qalereyasında rəssam Vüqar Muradovun “Rənglərin formulu” adlı fərdi sərgisi keçirilmişdir. Rəssamın sayca 6-cı fərdi sərgisində 80-ə yaxın qrafika və rəngkarlıq işi nümayiş olunmuşdur.
Kolorit baxımından özünəməxsusluğu ilə seçilən bu əsərlər rəssamın yaradıcılığının son dövrünə təsadüf edir. Kətan üzərində rənglərin həmahəngliyi, vizual təsvir ənənələri və rənglərin effektiv uyğunluğu rəssamın yaradıcılığına xas olan xüsusiyyətlərdir. Müəllif rəng vasitəsilə obraz və fiqurlara müxtəlif emosional, düşündürücü məzmun qazandırmışdır. Rəng həllinin qızğınlığı və soyuq tonların təzadı kətan müstəvisi üzərində sabit görünməkdədir.
“Minə”, “Dimdik”, “Dinləmə”, “Yaşıl alma ”, “Üzüağ ”, “İtkin”, “Adsız ”, “Sərv tutan qadın ”, “Əhənglənmiş”, “Axır zaman” və s. əsərlər olduqca maraqlıdır. Qeyd edilən rəngkarlıq əsərləri kompozisiya quruluşu, yaxmaların fakturası, müxtəlif plastik və koloristik məzmun baxımından tamaşaçını düşündürməyə vadar edir. Formaların rəng həlli ilə dinamik harmoniyası vəhdət təşkil edir.
Tamaşaçıya emosional duyğular aşılayan əsərlərindən biri olan “Dinləmə” tablosu kolorit və psixoloji nüansların uyğunluğu ilə seçilir. Obrazın düşündürücü görünüşü hiss və idrakın təcəssümüdür. Gərgin rəng koloriti, işıq həlli və personajın donuq üzü emosional təsir bağışlayır.
Rəssam öz əsərləri ilə zamanın dəyişkənliyini qabaqlayır, desək, yanılmarıq. Vüqar Muradovun “Rənglərin formulu” sərgisini onun növbəti yaradıcılıq hesabatı kimi qiymətləndirmək olar.

Həmidə Süleymanova
Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar