Noyabrın 11-də Avrasiya Yazarlar Birliyi “Bengü Yayınları” və Qazaxıstanın Türkiyədəki səfirliyinin birgə nəşri olan kitabların təqdimat mərasimi keçirildi. Qazaxıstanın Ankaradakı səfirliyində baş tutan tədbirdə tanınmış qazax yazıçısı Rəhimcan Otarbayevin türk dilinə çevrilmiş “Baş” romanı və hekayələrdən ibarət “Ağ kəpənəklər” kitablarının təqdimatı oldu.
Qeyd edək ki, yazıçı əvvəllər Qazaxıstanın Bişkek səfirliyində çalışıb. Bildirildi ki, əsərləri türk dilinə səfirliyin mədəniyyət müşaviri Malik Otarbayev və Gülzade Temenova çeviriblər.
Çıxış edənlər R.Otarbayevin fərqli, özünəməxsus üsluba malik yazıçı olduğunu bildirdilər. Yazıçı özü isə Türkiyə ilə Qazaxıstan arasında qardaşlıq bağını gücləndirən ədəbi əlaqələrin önəmini qeyd etdi və səfirliyə, tərcüməçilərə, Avrasiya Yazarlar Birliyinə minnətdarlığını bildirdi.
Tədbirin sonunda kitabların imzalanma mərasimi oldu.
Tədbirdə ədəbiyyatçılar, ictimaiyyət nümayəndələri, yazar və media nümayəndələri iştirak edirdi.

Mehparə