Tarixi mövzuda əsər yazmaq çətin olduğu qədər həm də məsuliyyətlidir. Onun oxucular tərəfindən qəbul edilməsi, uğur qazanması isə yazıçının böyük müvəffəqiyyətidir. Oxucu rəğbəti qazanan Mustafa Çəmənlini həm yazıçı, həm publisist, həm də keçmişimizi araşdıran tarixçi kimi dəyərləndirmək olar. Onun tarixi faktlara söykənən yaradıcılığında mürəkkəb və keşməkeşli keçmişimizlə müasir dünyamız arasında üzvi bir bağlılıq duyuruq.

Noyabrın 18-də Bakı şəhər Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Mustafa Çəmənli ilə oxucuların görüşü keçirildi. Tədbirdə MKS-nin, filiallarının, Texniki kitabxananın əməkdaşları və oxucular iştirak edirdi.
Kitabxananın əməkdaşı Alina İsmayılova yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, yazıçının əsərlərində canlı müşahidələr, yurd nisgilindən doğan ağrı-acı sezilir. “Xallı gürzə”, “Mübariz”, “Fred Asif”, “Nəğməli xatirələr”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Səsin ruhu”, “Leyli və Məcnun” - 100 səhnədə”, “Məcnunun Məcnunu”, “Ruhların üsyanı”, “Yaddaşlarda yaşamaq haqqı”, “Ölüm mələyi”, “Sənət hekayələri” və s. kitablar yazıçının ömrünün sətir-sətir vərəqlərə hopduğu anların təcəssümüdür.
Sonra yazarın ömür yoluna həsr edilmiş video-çarx nümayiş olundu.
“Xallı gürzə” tarixi romanı ilə bağlı fikirlərini bölüşən Mustafa Çəmənli bildirdi ki, kitabın ilk nəşri 1992-ci ildə işıq üzü görüb. Qarabağ xanlığının tarixinə həsr olunan roman Pənahəli xanın həyatı, düşüncələri, mübarizəsini əks etdirir. Əsərdə həmçinin Qarabağla həmsərhəd olan Şəki xanlığı, xanlıqlar arasında münasibətlər, münaqişələr, İranla aparılan müharibələr, daxili çəkişmələr, xanlığın ərazisində məskunlaşan ermənilər, onların hiyləsi, xəyanətkarlığı tarixi faktlarla öz bədii həllini tapıb.
Yazıçı qeyd etdi ki, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən vətən oğullarına həsr edilən əsərlər, milli incəsənətimizə xidmət edən unudulmaz sənətkarlarla bağlı xatirələr gələcək nəsillər üçün örnək və silinməz yaddaş abidəsidir.
Müəllifin “Fred Asif” əsəri Qarabağ müharibəsində qəhrəmanlıq göstərən vətən övladının şücaətinə həsr olunub. O, Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Mübariz” povestini qələmə almaq üçün 22 yaşlı igidin Biləsuvardakı ata yurduna baş çəkdiyini bildirdi. Vurğuladı ki, Milli Qəhrəmanın doğulub böyüdüyü evdə “Fred Asif” kitabını görəndə təəccüblənməyib. Deməli, vətən oğulları qəhrəmanların həyatını öyrənərək qəhrəman olurlar. Yazıçı görüşdüyü insanların təəssüratları əsasında Mübarizin obrazını dolğun şəkildə yarada bilib.
Sonda Mustafa Çəmənli oxucuları maraqlandıran sualları cavablandırdı.

Lalə