ABŞ-da “Hollywood Film Awards” mükafatlarının təqdimolunma mərasimi keçirilib. Bu dəfə əsas mükafatlara Hollivudun ən məşhur siması Leonardo Di Kaprio və Mel Qibson layiq görülüb.
Di Kaprio və Fişer Stivens «Daşqından əvvəl» adlı sənədli filmə görə mükafatlandırılıb. Mel Qibson isə «Vicdanın səbəbləri» filminə görə «Ən yaxşı rejissor» mükafatını qazanıb.
Kino karyerasında nailiyyətlərə görə mükafata aktyor Eddi Merfi layiq görülüb. «Ən yaxşı aktyor» nominasiyasında Tom Henks («Qudzonda möcüzə»), «İkinci dərəcəli ən yaxşı aktyor » nominasiyasında isə Hyu Qrant («Florens Foster Cenkins») qalib olub.
«Ən yaxşı aktrisa» mükafatını Natali Portman («Ceki») qazanıb, «İkinci dərəcəli ən yaxşı aktrisa» nominasiyasında isə Nikol Kidman («Aslan») fərqlənib.
Digər məşhur kino ulduzları - Robert De Niro, Naomi Harris və Lili Kollinz də qaliblər siyahısına adlarını yazdırıblar.
Ən yaxşı aktyor ansamblı mükafatına Metyu Makkonaxi, Edqar Ramires və Brays Dallas Hovard («Qızıl») layiq görülüblər.
Jastin Timberleyk isə «Can"t Fight the Feeling» mahnısına görə mükafat alıb.
«Cəngəllik kitabı» ən yaxşı blokbaster nominasiyasında qalib olub.
“Hollywood Film Awards” mükafatları Amerika kino aləmində digər iki böyük mükafatlandırmanın başlanğıcı sayılır.
Dekabrın 12-də «Qızıl Qlobus» mükafatına namizədlərin adları açıqlanacaq. “Oskar” mükafatına namizədlərin adları isə 24 yanvar 2017-ci ildə elan olunacaq.

* * *
Bu arada Niderlandın Rotterdam şəhərində “MTV Europe Music Awards” mükafatının təqdimolunma mərasimi keçirilib.
Mərasim bu ilin aprelində vəfat etmiş müğənni Prinsin xatirəsinə həsr olunub. Onun xatirəsinə hörmət əlaməti olaraq mükafat heykəlcikləri bu dəfə bənövşəyi rəngə boyanıbdı.
«Ən yaxşı mahnı» nominasiyasında Jastin Biber «Sorry» mahnısı ilə qələbə qazanıb. Lakin müğənni özü mərasimə gəlməyib.
Mərasimin «Global icon» xüsusi mükafatı “Green Day” qrupuna təqdim edilib.
2016-cı ilin ən yaxşı musiqili videosu nominasiyasında Daft Punkın birgə əməkdaşlığı nəticəsində «Starboy» mahnısına çəkilmiş “The Weekend” klipi qalib olub. “X Factor” şousunun iştirakçılarından təşkil olunmuş “Fifth Harmony” qadın qrupu ən yaxşı pop-layihə seçilib. Rok nominasiyasında “Coldplay” qrupu qalib gəlib. Dreyk isə ən yaxşı hip-hop ifaçısı seçilib.
Digər qaliblər arasında “Twenty One Pilots” qrupu, müğənni Ledi Qaqa “Ən yaxşı qadın ifaçı” və “Ən yaxşı obraz” nominasiyasında mükafata layiq görülüb. Beyons və Adel isə bu dəfə mükafatsız qalıblar.

İlona Qubadova